Zəngəzur dəhlizi hansı güclərin maraqlarına uyğundur?

Zəngəzur dəhlizi ilə bağlı böyük güclərin arasındakı mübarizəsi davam edir. ABŞ dəhlizin İran və Rusiyanın nəzarətində olmasını istəmir, Kreml isə bu məsələdə Tehranla nisbi “şərikliyinə” ciddi müqavimət göstərmir. Çin dəhlizin açılmasını çox istəyir, çünki Avropa bazarına çıxışı təmin edəcək sınanılmış tarixi yoldur. Azərbaycan ordusunun bölgədə uğurlu lokal antiterror tədbirlərini həyata keçirməsi separatizmin bölgədə ləğvi ilə yanaşı, yeni siyasi konfiqurasiya üçün də zəmin formalaşdırıb.

Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində başlıca əngəl Qarabağdakı separatçılar idi. Üçtərəfli bəyannamənin 4-cü maddəsinin icra olunmaması digər müddəaların da icrasını çətinləşdirirdi. İrəvan administrasiyası üçtərəfli görüşlərdə praktiki irəliləyişin önünü məhz bu öhdəliyin yerinə yetirilməməsi ilə kəsirdi. “Bakı-Xankəndi formatı”nı irəli sürməklə prosesi sabotaj edirdi.
Bakı bu öhdəliyi də öz çiyinlərinə alaraq icra etdi. Qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldu, separatçılar tərk-silah edildi. Bu hadisələr Ermənistan üçün dərs çıxarmaq baxımından mühüm presedentdir. Paşinyan anlamamış deyil ki, bəyannamədə üzərinə götürdüyü öhdəlikləri ya yerinə yetirəcək, ya da “dəmir yumruq”la yerinə yetirmək məcburiyyətində qalacaq. Odur ki, sülh müqaviləsini imzalaya biləcəyi ilə bağlı mesajlar səsləndirir. Digər tərəfdən sülh üçün əsas əngəl də aradan qalxıb, iddialar suya düşüb. Əslində, Paşinyanın istədiyi də bu üsul idi. O düşünürdü ki, separatçılarla bağlı müddəanı icra edərsə, ona qarşı cəbhə kəskinləşə, hakimiyyətini itirmək təhlükəsi yarana bilər. Ona görə də, maksimum səviyyədə Bakını tədbirlər görməyə vadar etdi. İndiki şərtlərdə sülh müqaviləsinin imzalanması Paşinyan üçün təhlükə vəd etmir. Müqavilə üçün isə kommunikasiyalarla bağlı İrəvanın razılığı şərtdir.

Ərdoğanın Naxçıvandan səsləndirdiyi bəyanatlar, Zəngəzur dəhlizinə Ermənistan razılıq verməsə, onun İrandan keçəcəyi ilə bağlı fikirlər səsləndirməsi də qarşı tərəfi təlaşa salıb. Ən önəmlisi isə Rusiya faktorudur. Skandinaviyadan Ukraynayadək blokadaya alınan şimal qonşumuzun Avropaya çıxış üçün Zəngəzur dəhlizinə hava və su qədər ehtiyacı var. Bu yol açılmasa, Rusiyanın blokadası daha da genişlənəcək və iqtisadiyyatı çökəcək. Hazırda Ermənistanın Rusiyadan asılılığı, Paşinyanın Moskvaya yönəlik ritorikada geri addım atması, Mirzoyanın Qərbin onları yetəri qədər qiymətləndirmədiyini etiraf etməsi Putinin dəhlizlə bağlı maraqlarının təmin olunacağına ümidləri artırır.

Dəhliz İrandan keçərsə, bu həm də Tehranın Moskva ilə rəqabətdə dominantlığını artıra bilər ki, Putin belə bir səhvə yol verməz bilməz. Çinlə Rusiya hazırkı dünya düzənində bir-birinə möhtac iki gücdür. Odur ki, Çin və Rusiyanın üstünlüyü daha yüksək ehtimaldır.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi