Ermənistanda konstitusiya dəyişikliyinin səbəbləri

Ermənistanın baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib: “Mənim və bəzi həmkarlarımın fikrincə, Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var. Lazım olan konstitusiya dəyişiklikləri yox, yeni konstitusiyadır. Mən bu fikrimi ona görə bildirirəm ki, daha geniş müzakirə mövzusu olsun. Dünya dəyişir, istər-istəməz Cənubi Qafqaz regionu və Ermənistan da dəyişəcək. Bu dəyişikliyə müxtəlif yollarla yanaşmaq olar. Ancaq nə düşünsək də, təkamül davam edir. Ona görə də bizim münasibətimiz və yanaşmamız bu təkamülü dayandırmaq olmamalıdır. Bu, özlüyündə məntiqsiz olardı, çünki təkamülü dayandırsaq, degenerasiya başlayır. Bizim münasibətimiz və yanaşmamız Ermənistan Respublikasının dövlətinin maraqlarına uyğun idarə etmək olmalıdır”. Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyadan narazı olduğunu bir neçə dəfə dilə gətirib. 2 il öncə baş nazir yarı-prezident idarəçilik üsuluna keçidlə bağlı fikir səsləndirdi. 2023-cü il iyunun 15-də isə siyasətçi dövlətin atributu sayılan gerbi tənqid edərək onun 1991-ci ildə qurulan respublika ilə heç bir əlaqəsi olmadığını söyləyib. Konstitusiya dəyişiklikləri bundan öncə də bir neçə dəfə baş tutub. Lakin hər üç dəyişiklikdə xalqın deyil, siyasi klanların maraqlarına üstünlük verilib. Odur ki, budəfəki dəyişiklik təklifi də ötəkilərdən fərqli olmayacağı düşüncəsi ilə etiraza səbəb olub. Hətta Paşinyanın Azərbaycan və Türkiyənin göstərişlərini yerinə yetirdiyi kimi iddialar da səsləndirilir. Əslində səbəblər nədən ibarətdir?

Paşinyan konstitusiya dəyişikliyinə haqlı olaraq getmək məcburiyyətindədir. Əvvəla, üçtərəfli bəyanatın öhdəliklərinin yerinə yetirilməsi üçün bu dəyişiklik labüddür. Sülh müqaviləsinin imzalanması an məsələsidir ki, bunun üçün həm anayasadakı Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmalı, həm də parlamentdə müqavilənin ratifikasiya olunması üçün konstitusion çoxluq həddi aşağı endirilməlidir. Çünki, hazırki xaotik siyasi systemin varlığı kontekstində belə bir mövzuda parlamentdə 2/3 çoxluğu təmin etmək çox çətindir. Bunlardan ziyadə, mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Bəyannamədə qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarına istinad olunur. Həmin bəyannamədə 1915-ci ilə dair saxta soyqırım iddiaları da yer alıb. Bu maddələrin anayasada yer aldığı sürədə tərəflər arasında münasibətləri normallaşması, müqavilənin imzalanması və təsdiqlənməsi mümkünsüzdür. Odur ki, Ermənistanda konstitusiya dəyişikliyi həm də sülh müqaviləsinin xəbərçisidir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi