Avropa itirdi

Azərbaycan nümayəndə heyəti AŞPA da fəaliyyətini dayandırdı və mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya, islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırma qərarı aldı. Bundan əlavə Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Ölkəmiz indiki vaxtda ən doğru olanı etdi. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qərar Azərbaycana qarşı ilk belə qərəzli addım deyil. Uzun illərdir ki, biz ikili standartların - türkofob, islamofob yanaşmanın qurbanına çevrilən bu təsisatdan eyni ritorikanın, təzahürü olan addımların şahidi olmuşuq. Bu siyasətin predmeti yalnız Azərbaycan deyil. Məlumdur ki, Azərbaycan və Türkiyə başda olmaqla ümumən müsəlman coğrafiyasına qarşı təşkilat tərəfindən qeyri-obyektiv yanaşma mövcuddur. Bizlərə qarşı belə bir yanaşmanın nümayiş etdirildiyi vaxtda paralel olaraq digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, siyasi məhbusların mövcud olması, vətəndaş cəmiyyəti və mediaya qarşı kəskin formada basqıların mövcudluğunun şahidi ola bilirik. Amma təəssüflər olsun ki, 1949-cu ildə dünyada insan haqlarının və hüquqlarının təminatı və müdafiəsi məqsədilə yaradılan bu qurum öz missiyasına tamamilə zidd olan siyasət apararaq bu kimi qayda pozuntularına qarşı heç bir reaksiya verməyib.

Azərbaycana qarşı olan bu cür yanaşma heç də təsadüfi deyil. Məlumdur ki, Azərbaycan 2001-ci ildən sözügedən təşkilata üzv olduqdan sonra bu dövr ərzində daimi olaraq ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan ölkəmizə qarşı bir vasitə kimi istifadə ediblər. Əsasən ikili standartlar siyasətinin şahidi ola bilmişik. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktına və təcavüzə qarşı heç bir tədbir görməməsi ilə daha çox yadda qalıb. Yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə qurum təcavüzkarlıq siyasətinə qarşı sərgilədiyi yanaşmanı bu formada çərçivələməyi bacarıb. Bundan öncə 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul olunmuşdu. Hal-hazırda da belə bir yanaşmanın sərgilənməsi artıq bizə deməyə əsas verir ki, burada əsas səbəblərdən biri məhz Azərbaycanın işğal faktorunu aradan qaldırması, bu cür təşkilatların üzərinə düşən missiyanı Azərbaycanın özünün ordu və diplomatiya imkanları potensialı hesabına həll etməsi və dəstəklədikləri Ermənistanın Azərbaycan ordusu tərəfindən darmadağın edilməsidir. Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, həmçinin AŞPA başda olmaqla Azərbaycandan həmin məntəqənin ləğv edilməsini, Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvənin, silah-sursatın, eləcə də minaların və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan Avropa Şurası Parlament Assambleyası rəhbərliyi bu formada artıq qərarlar verməyə başlayıb. 2023-cü ildə üç dəfə ölkəmizə qarşı bu cür müraciətlər olunub. Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Halbuki, bu təşkilat məhz müvafiq ərazidə işğalçılığın davam etdiyi, maddi mədəniyyət nümunələrimizin dağıldığı bir vaxtda heç bir zaman prosesin tərkib hissəsi olmağa can atmayıb. Sadəcə olaraq bu kimi qurumlardan status kvonun saxlanması uğrunda mübarizəni görə bilmişik. Azərbaycanın haqlı siyasəti, öz torpaqlarını işğaldan azad etməsi onların bu cür riyakar niyyətlərinin qarşısını almış olub.
Düşünürəm ki, bu siyasətdə Fransa amili də mütləq şəkildə əsas rol oynayan faktorlardan biridir. Fransanın Azərbaycana qarşı riyakar siyasəti, Azərbaycanın haqq işində apardığı uğurlu mübarizəni həzm edə bilməməsi, ermənidən çox erməni olması bu ölkənin yer aldığı təşkilatların siyasətinə də əlbəttə ki, təsirsiz ötüşməyib. Nəticə etibarilə Parisin əsas təzyiqləri nəticəsində təşkilat ermənipərəst meyilləri ortaya qoymaqla qərarın icrasına hələ də bugünkü gündə də davam edir. Mən düşünürəm ki, itirən həmin təşkilatdır. Azərbaycan heç bir şey itirmir. Bütövlükdə bu, Azərbaycan və Qərb institutları ilə əlaqələrə kölgə salacaq addımdır, çirkin kampaniyadır. Azərbaycanın regionda günü-gündən nüfuzunun artması, rolunun güclənməsi, genişmiqyaslı layihələrin icraçısı təşəbbüskarı rolunda çıxış etməsi və eyni zamanda qoca qitənin enerji təhlükəsizliyinin əsas təminatçısı olması Avropa təsisatlarını Azərbaycanla münasibətləri qaydasına salmaq məcburiyyətində qoyacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi