"Heydər baba"- Gülyaz Məmmədovanın ifasında bir şedevr

Səməd Vurğunun “Azərbaycan”ı, Şəhriyarın “Heydər babaya salam”ı milli ədəbiyyatımızın iki ən məşhur nəzmləridir.

Damarında azərbaycanlı qanı axanlar bu şeirlərdən təsirlənməyə bilməz. Şəhriyarın “Heydər babaya salamı”nın bəndləri həm də möhtəşəm bir bəstənin sözləridir.

Dillərimizin əzbəri olan bu mahnının bəstəkarı Bəxtiyar Kərimovdur.

Bəstəkar Bəxtiyar Kərimov 1951-ci ildə A. Zeynallı adına Bakı Musiqi Məktəbinin tar şöbəsini bitirib. Xalq musiqisinin əsaslarını görkəmli müəllim-tarzan Əhməd Bakıxanovdan öyrənib. Musiqi məktəbini bitirdikdən sonra Bəxtiyar Kərimov Naxçıvanda bir müddət müəllimlik edib, musiqi bəstələyib, ifaçılıqla məşğul olub. O, 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan musiqi nəzəriyyəsi şöbəsinə daxil olaraq oranı 1965-ci ildə müvəffəqiyyətlə bitirib. Bütün bunları Xalq artisti Süleyman Ələsgərovun təqdimatından öyrənirik.

Yaradıcılığında mahnı janrı xüsusi yer tutan Bəxtiyar Kərimov bəstələdiyi mahnılar “Ey Vətən” nümunəsində olduğu kimi dinləyicilərin könlünü oxşayıb. Fəqət onun yaradıcılığının şah əsəri “Heydər baba” sayılır.

“Heydər babaya salam” bir şeirdən də, bir musiqidən daha çoxdur, əslində. Həm ədəbi, həm də musiqi baxımından xalq yaddaşında dərin iz buraxan, milli poetik duyğularla yoğrulmuş bir sənət əsəri olmaqdan ziyadə, sanki bir duadır, ovsundur.

Korifey sənətçimiz Rübabə Muradova oxuyub, mükəmməl, əvəzedilməz, musiqi tariximizə qızıl hərflərlə yazılmış bir şəkildə ifa edib.

Gülüstan Əliyeva öz soprano tembrindəki ifası ilə mahnını zərif çalarlara bürüyüb.

Qəndab Quliyeva və Elnarə Abdullayeva müasir xanəndəlik sənətinin istedadlı təmsilçisi kimi bu mahnını muğama çəkərək daha fərqli üslubda təqdim edib.

Ayşən Mehdiyeva – elə bil Heydər baba dağının yamaclarında səsləndirib onu, alqışı haqq edir.

Aşıq Maqsud Fəryadi - bu əsəri sazla ifa edərək ona yeni bir nəfəs qazandırıb. Sazın simləri tərpəndikcə, bulaqlar qaynayır, samavarlar paqqıldayır elə bil Xoşginabda.

Fəqət xalq artisti Gülyaz Məmmədova, mənim fikrimcə, “Heydər baba”nın əsl ruhunu, tempini, tembrini kəşf edib.

Gülyaz xanım özü mehriban, kübar, duyumlu insandır.

Bu günlərdə ayaqüstü bir salamlaşmaq fürsətimiz oldu, sanki min illərin doğması kimi görüşdük.

Gülyaz xanım dağın çəkilən xiffəti ilə xiffəti çəkilən dağın əzəmətini hər daşına, qayasına, çınqılına toxunaraq oxuyub.

Dönə-dönə dinləyir, doymuram bu ifadan.

Xiffət dolu bir mahnını, belə demək olarsa, ağaya oxumaq çətindir – bunu bacarıb.

Qos-qoca bir dağı bir köz dənəsi kimi qarşıya qoyub onunla ovunmaq çətindir – bunu bacarıb.

Şəhriyar bu şeiri ilə vətənin, mühitin, doğmalığın tablosunu yaratmışdı.

Gülyaz Məmmədova bu tablonun sükutunu belə səsə çevirə bilib.

Belə musiqiyə, belə sənətçiyə necə heyran olmayasan?

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru