Enerji sektorunda yeni investisiya göstəriciləri - ŞƏRH

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 73 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalma deməkdir. Lakin ümumi göstəricidəki cüzi azalma fonunda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsindəki investisiya kəskin artım nümayiş etdirib. Bu sektora 861,4 milyon manat vəsait yönəldilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 664,6 milyon manat və ya 4,4 dəfə çox deməkdir. Ümumi investisiyaların strukturunda bu sahənin xüsusi çəkisi 10,7 faiz təşkil edib.

Bu artımın arxasında bir neçə strateji və iqtisadi səbəb dayanır. Hər şeydən öncə, bu yüksəliş Azərbaycanın son illərdə formalaşdırdığı enerji siyasətinin transformasiyası ilə sıx bağlıdır. Ölkə artıq təkcə enerji istehsalçısı deyil, regionun etibarlı enerji ixracatçısı və təchizatçısı rolunu da oynayır. Bu status isə yeni texniki infrastrukturun qurulmasını, şəbəkələrin gücləndirilməsini və paylayıcı sistemlərin yenilənməsini zəruri edir.

Bununla yanaşı, yaşıl enerji gündəliyi artıq yalnız konseptual plan deyil, konkret investisiya xətlərinə çevrilib. Qaradağda günəş elektrik stansiyası istismara verilib, Cəbrayılda, Neftçalada və Biləsuvarda bərpaolunan enerji sahəsində yeni layihələr həyata keçirilir. Bu layihələr genişmiqyaslı elektrik ötürücü xətlərin və yarımstansiyaların tikintisini tələb edir. Eləcə də enerji balanslaşdırma və rəqəmsal idarəetmə sistemlərinin qurulması üçün böyük həcmdə kapital qoyuluşu həyata keçirilir.

Bu sektora yönələn sərmayələrin artmasının digər mühüm səbəbi isə qeyri-neft sektorunun inkişaf strategiyasıdır. Ölkədə sənaye zonaları, aqroparklar, logistik mərkəzlər və azad edilmiş ərazilərdə iqtisadi canlanma yeni istehsal güclərinin yaranmasını tələb edir. Bu isə enerji təchizatının genişləndirilməsi və dayanıqlı infrastrukturun qurulması ilə birbaşa bağlıdır. Beləliklə, investisiya artımı həm də qeyri-neft iqtisadiyyatının enerji dayaqlarını gücləndirməyə yönəlib.

2025-ci ilin investisiya mənzərəsində neft-qaz sektoruna yönələn sərmayələrdə 23,8 faiz azalma, qeyri-neft-qaz sektoruna isə 13,5 faiz artım müşahidə olunub. Bu, iqtisadi strukturun tədricən diversifikasiya olunduğunu və dövlət siyasətinin neftdənkənar sahələrə keçidi prioritetləşdirdiyini göstərir.

Azad edilmiş ərazilərə yönələn infrastruktur yatırımları da bu statistikanın mühüm hissəsini təşkil edir. Qarabağ və Şərqi Zəngəzurda yeni elektrik stansiyaları, paylayıcı xətlər və yaşıl enerji məntəqələrinin qurulması məhz bu kontekstdə reallaşır. Rəsmi statistikada ayrı-ayrı bölgələr üzrə dəqiqləşdirmə verilməsə də, böyük həcmdə sərmayənin məhz bu regionlara yönəldiyi qənaətinə gəlmək mümkündür.

Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar da bu artımı təşviq edən əsas amillərdəndir. BP, Masdar, ACWA Power kimi tərəfdaşlarla həyata keçirilən layihələr çərçivəsində birbaşa xarici investisiyalar və dövlət özəl sektor tərəfdaşlığı (PPP) modeli tətbiq olunur. Bu isə investisiyanın həm miqdarını, həm də keyfiyyətini artırır.

Sonda onu da qeyd etmək lazımdır ki, mövcud elektrik və qaz şəbəkələrinin bir qismi köhnəlib və müasir texniki tələblərə cavab vermir. İnvestisiya artımı həm də şəbəkələrin modernizasiyası, fasiləsiz enerji təminatının qurulması və "ağıllı sistemlərə keçid" üçün zəruri olan texnoloji dəyişikliklərin maliyyələşdirilməsinə yönəlib.

Beləliklə, 2025-ci ilin ilk yarısında enerji sektoruna yönələn rekord həcmli sərmayə, Azərbaycanın enerji siyasətində yeni mərhələyə keçdiyinin göstəricisidir. Bu sərmayələr yalnız bugünkü tələbatı deyil, gələcəyin enerji modelini qurmaq məqsədi daşıyır - dayanıqlı, rəqəmsal və yaşıl enerji sisteminə keçid artıq investisiya statistikası ilə təsdiqlənir.

Nuray,

AzNews.az