- Yazarlar
- 14 İyul 20:59
- 1 140
Təhsil gələcəyin planıdır

Nə üçün 5 il sonra əmək bazarında olmayacaq ixtisaslara bu gün hələ də tələbə qəbulu həyata keçirilir?
Əgər artıq dünya 2030-cu ilin ixtisaslarını formalaşdırırsa, biz niyə hələ də 1980-ci illərin peşələrini tədris edirik?
Əgər bilirik ki, bəzi ixtisaslar süni intellekt, avtomatlaşdırma, rəqəmsallaşma ilə əvəz olunacaqsa, niyə minlərlə gəncin həyatını bu informasiyasızlıqla riskə atırıq?
Kitabxanaçılıq, arxiv işi, sosiologiya, müəllimlik, mühasibat, təsviri incəsənət, turizm işinin təşkili, rus dili filologiyası, menecment, tərcümə (ərəb, rus, fars dilləri) – bu və bu kimi onlarla ixtisasa əmək bazarında ehtiyac yoxdursa, onların qəbul planı dərhal dayandırılmalıdır. Dövlət vəsaiti boşa, gənclərin illəri itkiyə çevrilməməlidir.
Bəs gələcəkdə nə olacaq?
Süni intellekt mühəndisliyi, data analitika, kibertəhlükəsizlik, rəqəmsal pedaqogika, ağıllı kənd təsərrüfatı, bioinformatika, yaşıl enerji texnologiyaları, kodlaşdırma və hüquq texnologiyaları. Bu sahələr üzrə nə proqram var, nə müəllim, nə dərslik. Heç olmasa, istiqamət var?
Amma universitetlərimiz oturub illər sonra keçmişə baxır: “biz niyə geri qaldıq?” – çünki bu günü planlamadıq.
Təhsil sistemi əmək bazarının arxasınca sürünür. Halbuki önündə getməli idi.
Elm və Təhsil Nazirliyi bu məsələdə nə təhlil aparır, nə proqnoz verir, nə də ictimaiyyəti məlumatlandırır. Plan yoxdur. Strategiya yoxdur. Sadəcə köhnə siyahı, dəyişməyən ixtisas kodları, boş diplomlar.
Yalnız bir sual var:
Əgər bu gənclər sabah işsiz qalacaqsa, bu gün onları niyə bu yola yönəldirik?
Təhsil gələcəyin planıdır, keçmişin vərdişi deyil. Bu sistem dəyişməzsə, dəyişən yalnız işsizlərin sayı olacaq.
Kamran ƏSƏDOV