09:37
(077) 610-22-33

Şəhidlərimizdən yazdı: “Bu olay onu göstərdi ki...”

  • >
11 164 1 Avqust 2014 15:00 | Cəmiyyət

Azərbaycan Ordusunun qarşılaşdığı bügeceki faciə ilə bağlı tanınmış ilahiyyatçı, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli yazı yazaraq AzNews.az-a göndərib. Həmin yazını təqdim edirik:


Bu gün hamımız üçün ağır bir xəbərlə - əsgərlərimizin şəhid olması ilə başladı. Son dövrlərdə belə bir hadisə baş verməmişdi. Düşmən cürət tapıb ordumuzun mövqeyinə hücum etdi, Allaha şükr olsun ordumuz da ona layiqli cavab verib. Bu hadisə zamanı əsgərlərimizin şəhid olması bizi bir tərəfdən sarsıtsa da, digər tərəfdən mühüm məsələləri xatırlatdı.

Əvvəla, xalqın keşiyini çəkən fədakar və igid gənclərimiz var və Allahın yardımı ilə olacaq da. Cəmiyyətimizdə hələ də ali dəyərlər yaşayır və nə qədər ki, bu dəyərləri yaşadan insanımız çoxdur, bir o qədər xalqımızın bütün sahələrdə, o cümlədən Qarabağ münaqişəsində də qələbəsinə ümidi çoxdur. Şəhidlərimiz unutmaqda olduğumuz Qarabağ yaramızı bizə xatırlatdı, millət olaraq bizi ruhlandırdı, əzmimizi artırdılar. Başımızın qatan, özümüzü unutduran, bizi zəiflədən yersiz və ifrat şadyanaqlardan bizi ani də olsa oyatdı. Sığındığımız yad və yalan dəyərlərin puçluğunu qısa müddətə olsa belə bizə anlatdı. Əsgər itkisi nə qədər acı olsa da, şəhidlərin varlığı bir o qədər ümidvericidir.

Bu hadisədən ibrət almalıyıq. Mənəviyyatsız və mənfəətpərəst, şəxsi istəklərini hər şeydən üstün tutan, başqasına laqeyd olan cəmiyyət heç zaman qalib və müvəffəq ola bilməz. Hərbi-texniki baza nə qədər güclü olursa olsun, əsgər nə qədər fiziki hazırlıqlı olursa olsun, güclü görüntü arxasında zəif ruh gizlənərsə, ordu məğubiyyətə məhkumdur, xalq isə tənəzzülə. Bizim qəhrəman şəhidlərimiz ruh yüksəkliyinin və mənəviyyatın nə qədər mühüm olduğunu bizə bir daha xatırlatdılar.

Bu olay onu göstərdi ki, Azərbaycan əsgərinin peşəkarlığı yüksək səviyyədə olmaqla yanaşı, mənəvi ruhiyyəsi də yüksək səviyyədədir. Azərbaycan əsgəri torpağı uğrunda fədakarlığa, bu fədakarlığın ən uca zirvəsi olan şəhidliyə hazırdı. Bu isə bizim düşmənə mənəvi qələbəmizdir.

Ümid edirik ki, bu qələbə müqəddəs Vətən torpaqlarının azad olunmasına vəsilə olacaq. Allah onlara rəhmət eləsin, fədakar gənclərimizin sayını artırsın və xalqımızı tezliklə müzəffər eləsin.

Hacı Şahin Həsənli
Bağla X