“Həddən artıq eqolu biriyəm” “Həddən artıq eqolu biriyəm”
  • Hadisə
  • 19 Oktyabr 2018 13:22
  •  15 485

“Azərbaycanda ən uzun soyad mənimdir” – Baş redaktor

“Həddən artıq eqolu biriyəm”

AzNews.az “30 altı” adlı yeni layihəyə start verib. Bu rubrikada yaşı 30-dan aşağı olan tanınmış şəxslərə yer ayrılacaq.

Layihənin ilk müsahibi Minval.info-nun baş redaktoru Məhəmməd Türkməndir.

  • Bildiyimiz qədəri ilə jurnalistika təhsili almamısınız. Necə oldu ki, bu sahəyə maraq yarandı?
  • Videobloqger kimi başlamışdım. Məqsədim yox idi. Sadəcə həvəs üçün videolar çəkirdim, xəbərlər hazırlayırdım. Öz işim tam fərqli idi. Videoların rəğbət görməsi, peşəkar kameralarla çəkilən işlərin yox, mənim telefonla çəkdiyim kadrların saytlar tərəfindən istifadə edilməsi, paylaşılması bu işə marağımı artırdı. Zamanla işlərimin qeyri-peşəkar olduğunu gördüm və üzərimdə işləməyə başladım. Qərb mediasını izlədim. Çəkiliş prosesləri, montaj, qaydalar... Hər şeyi saatlarla, günlərlə, aylarla çəkdiyim zəhmətin qarşılığında öyrəndim. Tez qavrama bacarığım və qısa müddətdə uğur əldə etmə istəyim mənə bu işdə yaxşıca kömək oldu. Həddən artıq eqolu biriyəm. Eqom məni bir yerdə dayanmağa qoymur.
  • Ailə üzvlərinin eyni sahədə işləməsinin mənfi və müsbət tərəfləri nələrdir?
  • Söhbətimiz xəbərlə başlayır, gündəmlə bitir. Eyni işlə məşğul olduğumuz üçün bir-birimizi rahat anlayırıq. Daha çox Könül məni anlayır. Çünki ailəmə yetərincə vaxt ayıra bilmirəm. İşim, öhdəliyim çoxdur. Mənfi cəhətini isə hiss etməmişəm.
  • Baş redaktor olmanın hansı öhdəlikləri var?
  • Həddən çox... Reportyorluq vaxtımda sadəcə öz yazıma görə məsuliyyət daşıyırdım. İmzamı düşünürdüm. İndi isə bütün sayta görə məsuliyyət daşıyıram. Hər yerdə telefon əlimdə, gözüm də saytda olur. Aktiv jurnalistikanı daha çox sevirəm. İndi isə passiv jurnalistika ilə məşğulam. Həmkarlarımı hadisə yerində görəndə bir az qısqanıram. Hər bir halda mediadayam. Burada müxbir də, reportyor da, baş redaktor da olsam, fərq etmir. Əsas odur ki, sevdiyim peşə ilə məşğulam.
  • Sizə görə ölkənin ən yaxşı fotoqrafı kimdir?
  • Bu suala cavab vermək çətindir. Azərbaycanda peşəkar səviyyədə fotoqrafiya ilə məşğul olan 10-15 nəfər var. Kiminsə adını çəksəm, digərləri inciyə bilər.
  • Düzdür ki, soyadınız iki sətirdir? Bəs niyə Türkmən?
  • Hə, soyadım çox uzundur. Azərbaycanda əminəm ki, məndən uzun soyadı olan biri yoxdur. Bununla bağlı yamanca problemim olub. Sənəd işində soyadım yerləşmir, əsgərlik vaxtımda kimlik tapılmırdı, qızımın üç hərfdən ibarət adı var, 16 hərfdən ibarət isə soyadı... Türkmən imzası milliyətimlə bağlıdır. Milliyətcə Türkmənistan türkməniyəm və təxəllüs də buradan gəlir.
  • Dincəlmək üçün insana nə lazımdır?
  • Pul və vaxt lazımdır. İkisi də olmalıdır ki, dincələ biləsən. Mənə isə günlük dincəlmək üçün Nurum kifayət edir. 1 saat onunla oynayıram, dincəlirəm. Səhərlər də bir az şirinlik edir, enerjimi alıb işə gedirəm.

Səidə Nurməmmədli,

AzNews.az