"Onlar Məhəbbətin adı ilə populyarlıq qazanmaq istəyirlər". "Onlar Məhəbbətin adı ilə populyarlıq qazanmaq istəyirlər".
  • Hadisə
  • 23 Dekabr 2018 19:51
  •  26 383

“Məhəbbət Kazımov ölməmişdən öncə hamını yığdı, dedi ki...” - Zahir Abbas

"Onlar Məhəbbətin adı ilə populyarlıq qazanmaq istəyirlər".

“Morze əlifbası” layihəsinin bu günkü qonağı şair Zahir Abbasın AzNews.az-a müsahibəsi

- Zahir müəllim, sabiq yol polisi əməkdaşı Fəxrəddin Rəhimov mərhum sənətkar Məhəbbət Kazımovun repertuarında olan “Laçınım” mahnısının müəllifi olduğunu iddia edib. O bildirib ki, şeir ona aid olduğu halda mahnının müəllifi kimi Osman Alıyev göstərilib. Bununla bağlı nə deyə bilərsiniz?

- Mərhum sənətkar Məhəbbət Kazımov bir çox məşhur mahnıların müəllifidir. Onun “indi mən küs görüm” adlı mahnısı var. Mərhum bəstəkar Tahir Əkbər deyirdi ki, “Məhəbbət, bu mahnını sənin yazmağına adamın inanmağı gəlmir. Sanki böyük bir bəstəkar bəstələyib”. O, heç vaxt mahnı yazanda deməyib ki, “bunu mən yazmışam”. Bircə kəlmə deyirdi ki, musiqisi mənə aiddir. Mahnı bəstələmək ağır sözdür. O ki qaldı “Laçınım” mahnısına, mən onun yaranma tarixini bilirəm. Məhəbbət Kazımov həyatda yoxdur, haqq dünyasındadır, amma Allahı burdadır. Dünyasını dəyişəndən onun mahnıları haqqında qalmaqal səngimir. Biri deyir “filan mahnının musiqisini mən yazmışam”, biri deyir “sözlərini mən yazmışam”, biri də deyir ki, “filan mahnısını sözlərini mən belə düzəltdim”. Bir sözlə, yerindən duran hər kəs Məhəbbət Kazımovun mahnılarını öz adlarına çıxır. Hamısı da boş-boş mənasız açıqlamalar...

Onu yaxından tanıyanlar yaxşı bilir. Məhəbbət müəllimin evinin yaxınlığında yaxın qohumlarından birinin restoranı vardı. Gələn qonaqlarını orada qarşılayıb, yola salardılar. Müğənnilərdən Könül Kərimova, Fədayə Laçın, Elşad Qarayev, aktyorlardan Yasin Qarayev yığışardılar ora, günün tələbinə uyğun şou düzəldirdilər. Onlar həm də mahnılarını orada məşq edirdilər. Bir gün Məhəbbət müəllim gəldi ki, “mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeri var, “Laçınım”, onu bir zümzümə edim, görün necə alınar”. Onu oxudu, hamı təsirləndi. Peşəkar bir şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi. Şeir ordakıların hər birinin ürəyinə oxşadı. Mətn Laçın, Qarabağ, yurd-yuva, dərd-qəm, bir sözlə, hər kəsin ürəyinin dərdindən xəbər verirdi. Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev da ağladı. Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq etdi. Elşən də mahnını gözəl aranjimanda hazırladı. Sonra “Laçınım”ı “Səbuhi” studiyasında yazdırdı, Hacı Mübariz də Allah şahididir. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq.

- Səbəb?

- Məhəbbət müəllim ehtiyyat edirdi. İşğal olunan rayonlar çox idi, onların heç birinin adına mahnı bəstələnməmişdi. İkinci bir tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürdük ki, “Laçınım” ağlamalı bir mahnı olacaq. Mart ayında əsgərlər qarşısında konsert vardı. Məhəbbət Kazımov həmin mahnını əsgərlər qarşısında oxudu. AzTV həmin konserti dərhal efirə verdi.

Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı. Günlərin birində bir nəfər mənə yaxınlaşdı ki, “məni Məhəbbət Kazımovla görüşdür”. Dedi ki, onun ifasında olan “Laçınım” mahnısının müəllifi Fəxrəddin deyil, bir başqa adamdır. Bəs, mahnının əsl müəllifi onun yaxın qohumu Osman Alıyevdir. Osman müəllimlə telefonla danışdım. Ona görüşmək istədiyimi bildirdim. Görüşdə o, Osman Alıyevin qəzetdə çap olunan “Laçınım” şerini bizə təqdim elədi. Baxdım ki, Osman müəllimin şeri daha sanballı və axıcıdır. Bunu Məhəbbət Kazımova deyəndə dedi ki, “Zahir, səndən bir xahişim var, onu tap, mənim yanıma gətir. Osman Alıyev gəldi. Restoranda Məhəbbət müəllimlə görüşdü. Osman gözünün yaşını sel kimi tökdü. Dedi ki, elə bil gedib Məkkəni gəzib gəlmişəm: "Məhəbbət səni canlı gördüm, bu, mənə yetər".

Məhəbbət müəllim ondan Laçına aid başqa bir şeir deməsini xahiş etdi. Osman müəllim də çoxlu şeirlər dedi, amma “Laçınım” kimi onu ovsunlayan olmadı. Məhəbbət müəllim dedi ki, “heç kimin haqqına girə bilmərəm. Düzdür, onu mənə Fəxrəddin verib, amma o, sağ olsun ki, şeiri üzə çıxarıb, bizə yaxşlıq edib. Qardaş, siz oturun Fəxrəddinlə qabaq-qabağa öz məsələnizi özünüz həll edin”.

Yaxşı yadımda deyil. Osman müəllim gəldi, yoxsa Fəxrəddin müəllimlə telefonla danışdılar, bir onu bilirəm ki, qapıdan çıxanda dedi ki, Allah xeyrin versin. Ondan sonra Məhəbbət müəllim məndən xahiş elədi ki, mahnının müəllifinin adını dəyişim, Osman Alıyev yazdırım.

Mən də onun “Səbuhi” studiyasında yazılan albomunda, “Min bir mahnı” kitabında, bir sözlə, harada vardısa orada da adını dəyişib, Osman Alıyev yazdırdım. Hətta aparıb müəllif hüquqları agentliyində qeydiyyatdan da keçirdim. Məhəbbət müəllim o mahnını oxuyanda da elan elədi ki, bunu əsl müəllifini tapmışam. Fəxrəddin müəllim daha müsahibəsində nə deyə bilər? Dünənə kimi Məhəbbət sağ idi, niyə susurdu? Osman müəllim də sağdır, həyatda olmayan bir Məhəbbət Kazımovdur.

Niyə bu günə kimi danışmırdılar? Məhəbbət ölən kimi hamısı gündəmə gəlib. Onlar Məhəbbətin adı ilə populyarlıq qazanmaq istəyirlər. Nifrətlə populyarlaşma kimə xeyir verər? Biri deyir, tələbəsi olmuşam, biri deyir, nə bilim müəllimim olub. Əminliklə deyirəm ki, Məhəbbətin tələbəsi olmayıb, heç kimə sənətdən dərs verməyib. Yanına kim gəlibsə, yol göstərib “get, filankəsin yanına” deyə doğru istiqamət verib.

Məhəbbət müəllim sənətə tək gəlib, tək də gedib. Məhəbbətin düşməni də olmayıb.

Fəxrəddin müəllimə böyük hörmətimiz var, amma gərək elə onun sağlığında danışaydı. Məhəbbət sağlığında ona sözünü dedi. Onun bir xarakteri vardı, şeir xoşuna gəldi, vəssalam. Onun repertuarında olan bütün mahnıların heç bir vaxt müəllifi olmayıb. Günü bu günə kimi mən onun yazılarını saxlayıram. Osman Alıyevin harada olmasını bilmirəm. Fəxrəddin müəllim də oturub-oturub bu qoca cağında reklam axtarır. Əsas odur ki, sənin yazdığın şeirə Məhəbbət can verib, səsi ilə tanıdıb, populyarlaşdırıb. İkinci bir seirini də gətir, göstər ki, onun kimi populyar olsun. Ayıbdır ey, ölən bir adamın ruhunu incitməyin. Davanı vaxtında çəkəydin. Əgər Məhəbbət Kazımov sağ olsaydı, sən onun qarşısına çıxa bilməzdin.

Mahnının əsl müəllifi Osman Alıyevdir.

- Məhəbbət Kazımovun sağlığında böyür-başında olan dostları bu gün onun ailəsi ilə maraqlanırlarmı?

- Məhəbbət Kazımovun qapalı bir ailəsi var. O, ailəsi ilə bağlı nə vardısa, hamısını sirr saxlayardı. Heç vaxt ailəsinin hər hansı bir problemini eşitməmişik. Evinə kişi qonaqları gələndə onlara oğlu Rəşid qulluq edirdi. Ailəsini qonağın da qabağına çıxmağa qoymazdı. Ona görə Məhəbbət Kazımovu axtaran adam oğlu Rəşidlə əlaqə saxlayardı. Qızlarını köçürüb, nəvələri var, hamı da oğlunun toyuna hazırlaşır. Elə bir yaxını, dostu yoxdur ki, onun qəbrini ziyarət etməsin. Kimin yolu Sumqayıta düşsə, mütləq onun qəbrini ziyarət edir. Məhəbbət bunu sağlığında qazanıb. Adam var ki, ölən kimi yaddan çıxır. Məhəbbət ölməmişdən öncə hamını yığdı, dedi ki, mən ölümümlə tarix yazacam. Doğrudan da elə oldu. Onun yasına xalq gəldi. Bu gün belə bir insanın yoxluğundan istifadə edib nələrsə yazmaları günahdır. O, haqq dünyasındadır.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description