“Araz-2025: Hərbi təlim, diplomatik mesaj”

“Mayın 19-da başlayan “Araz-2025” Azərbaycan–İran birgə hərbi təlimləri regional geosiyasi kontekstdə mühüm balanslaşdırıcı addım kimi qiymətləndirilə bilər. Təlimlərin Azərbaycan rəsmilərinin eyni vaxtda həm İsrailə, həm də İrana diplomatik səfərləri ilə üst-üstə düşməsi, Bakının çoxvektorlu və balanslı xarici siyasət strategiyasının praktiki təzahürü kimi çıxış edir. Bu təlim vasitəsilə Azərbaycan, bir tərəfdən, İranla son illərdə müşahidə olunan gərginliyin azaldılmasına və sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə maraqlı olduğunu nümayiş etdirir. Digər tərəfdən isə, İsraillə mövcud strateji tərəfdaşlığını davam etdirərək, regionda diplomatik çevikliyini və balanslı mövqeyini qorumağa çalışır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, mayın 19-da “Araz-2025” adlı Azərbaycan–İran birgə hərbi təlimi başlayıb. Təlimin keçirilməsi, xüsusilə Müdafiə naziri Zakir Həsənovun İsrailə, Prezidentin köməkçisi Hikmət Hacıyevin isə Tehrana son səfərləri fonunda ictimaiyyətin və siyasi müşahidəçilərin diqqətini cəlb edib. Bu paralel diplomatik və hərbi proseslər müəyyən suallar doğurur.

Siyasi şərhçi bildirib ki, bu yanaşma Azərbaycanın xarici siyasətində ideoloji yox, praqmatik maraqların ön planda olduğunu göstərir.

“Eyni zamanda, bu əməkdaşlıq İran üçün də Cənubi Qafqazda balanslı mövqe nümayiş etdirmək və Azərbaycanla siyasi dialoqu davam etdirmək baxımından əhəmiyyətlidir. Tehran üçün bu cür təlimlər həm də regionda təcriddən yayınmaq və Bakı ilə münasibətlərdə yeni səhifə açmaq üçün fürsət rolunu oynaya bilər. Nəticə etibarilə, “Araz-2025” təlimləri təkcə hərbi əməkdaşlıq deyil, həm də diplomatik mesaj daşıyır. Azərbaycan dəyişən regional və qlobal şərtlər fonunda hərbi-siyasi tərəfdaşlıqlarını müxtəlif istiqamətlərdə inkişaf etdirməklə öz suveren maraqlarını qorumaq və geosiyasi sabitliyə töhfə vermək məqsədini güdür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az