- Redaktor masası
- 21 May 19:38
- 2 875
Tarix fetişizmi: Birinci respublikanı beşinciyə qarşı qoymağın fəsadları

Qarşıdan 28 may- Azərbaycanın Müstəqillik günü gəlir.
28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsini bir xalq olaraq bayram kimi qutlayırıq.
Doğrusu da elə budur.
Məhz o gün 100 il boyunca çar müstəmləkəçiliyinə məruz qalmış Quzey Azərbaycan toplumu siyasi millətləşmədən dövlət millətləşməsinə möhtəşəm bir Bəyannamə ilə keçid etdi, tarix səhnəsində özünü DÖVLƏT MİLLƏTİ olaraq təsdiqlədi.
Bu gün malik olduğumuz hər şeyi- Azərbaycanın müstəqilliyini, respublikaçılığını, sekulyarlarlığını və tərəqqimizin bu kimi fundamental relslərini nisbətən uzaq tarixi planda məhz o gün İstiqlal Bəyannaməsinə imza atan əcdadlarımıza borcluyuq.
Hər birini ehtiramla anır, hər birinin ruhu qarşısında baş əyirik.
Zira, cəmiyyətimizdə olduqca təhlükəli, narahatedici bir tendensiya da var. İlk Cümhuriyyət dövrünün ictimai rəydə fetişləşdirilməsi.
Azərbaycan Xalq Cümhuriyəti reallıqda bir dövlət deyildi, dövlət rüşeymi idi. 23 aylıq bir dövrdə dövlət olaraq təşkilatlanmaq, tanınmaq, daxili və xarici təhdidləri dəf etmək üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov kimi dövrün aydınları və siyasi xadimləri çox çalışmışdılar. Zaman o gənc və vətənpərvər adamların boynuna çox ağır bir məsuliyyət yükləmişdi, zira təcrübələri, resurslar və şərtlər qarşıya qoyulan hədəflərə tam çatmağa imkan vermirdi.
Odur ki, Xalq Cümhuriyyəti bizim bu günümüz və gələcəyimiz baxımından çox önəmli datalar mənbəyidir, o dataları doğru öyrənməsək və analiz etməsək bu günümüzün qədrini bilməz, gələcəyimizi düz modelləşdirməyi bacarmarıq.
Tarixin fetişləşdirilməsi məhz bu üzdən qorxulu, təhlükəlidir.
Odur ki, 28 may öncəsində tarixi fetişizm niyə təhlükəlidir sualı üzərində düşünməkdə yarar var.
Tarixi fetişizm keçmişdə baş verən hadisələri və şəxsiyyətləri ideallaşdıraraq onların həyat və fəaliyyətini tənqid və təhlildən kənarlaşdırır. Ən bariz sübut Məhəmməd Əmin Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadə istər siyasi, istərsə də dövlət millətləşməsi prosesinin ilk 10 adamı sırasında olmadığı halda, pro-müsavat propoqandası onu “AXC-nin banisi” elan edib, yalandan İstiqlal Bəyannaməsinin müəllifi kimi göstərib, nə hüquqi, nə də praktiki baxımdan heç bir əsas olmadığı halda, Azərbaycanın ilk dövlət başçısı kimi qələmə verib. İndi bütün bunların tarixi saxtakarlıq olduğunu ortaya qoyanda İlbər Ortaylı demiş, cahillər dəstə-dəstə üstümüzə şığıyır. Bəli, Məhəmməd Əmin bəy tariximizdə xüsusi yeri və çəkisi olan AXC qurucularından biridir. Ona da sayğı duyur, ehtiram bəsləyirik. Amma AXC onun başqalarına təlqin ideyalar əsasında qurulmayıb, , tam əksinə, Rəsulzadənin özünün AXC-nin quruluş prosesində yer alması, bütövlükdə milli cəbhəyə keçməsi başqalarının təlqini əsasında reallaşıb. Tarixi olduğu kimi araşdırmaq və öyrənmək lazım. Əks halda, cəmiyyət bütövlükdə tarixi obyektiv şəkildə öyrənə və ondan dərs ala bilmir, inkişaf üçün zəruri olan tənqidi təfəkkür sıfırlanır.
Cəmiyyətin öz keçmişinə münasibətdə tənqidi təfəkkürdən məhrum olması, müəyyən bir xalqın keçmişini mütləq şəkildə üstün və müqəddəs kimi təqdim etməsi milli şovinizm yaradır. Ermənilər gözümüzün önündədir. Heç bir dövlət identifikasiyası olmayan, millətləşmə prosesində sinifdə qalan bu kilsə icmasının kvazi respublikası faktiki olaraq monoetnikdir. Azərbaycan və Türkiyə xalqlarına nifrət üzərində qurulmuş düşüncə sistemləri erməniləri reallıqdan uzaq saxlamaqla regionda daimi sülh üçün təhlükə mənbəyinə çevirib.
İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra ermənilər normal halda düşünməlidirlər: nədən bu günlərə qaldılar? Düşünə bilmirlər. Çünki tarixi, həm də saxta tarixi ideallaşdırmaq, keçmişin yanlışlarını anlamadan təkrar etmələrinə rəvac verib. 20-ci əsrin əvvəllərindəki torpaq iddialarını, Azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirənləri, “soyqırım”ı ideallaşdırmaqla SSRİ-nin dağılmasının yaratdığı təlatümlü dövrü tarixi fürsət bilib Qarabağı işğal etdilər, axırda əlləri ətəklərindən uzun qaldı.
Bir millət olaraq tərəqqimizi sürətləndirmək istəyiriksə, keçmişi inkar etmədən, eyni zamanda ona tam bağlı qalmadan irəliyə baxmalıyıq. İrəvanın ermənilərə güzəştə gedilməsi, bəli, tarixi səhv idi. Bunu məhz bu şəkildə qiymətləndirməkdən və bu barədə danışmaqdan çəkinməməliyik. Bizi tarixi iddialarımıza qovuşdura biləcək tarixin özü deyil, innovasiyalardır, modernləşmədir, müasir çağırışlara çevik reaksiyadır. Diqqət edirsinizsə, bizim Qarabağ zəfərimizin arxasında dayanan əsas amillər də elə bunlardır, prezident İlham Əliyevin xalqın dəstəyini və ölkənin ekonomik gücünü ordumuzun müasirləşdirilməsinə sərf edə bilməsidir.
Unutmaq lazım deyil ki, tarixin ən böyük görəvi müasir dinamikaları körükləməsidir. Eyni zamanda, ilk baxışdan qəribə görsənsə də, müasirlik də tarixi “dəyişir”. Yeni mənbələr, yeni texnologiyalar, yeni yanaşmalar meydana çıxır və əldə olunan biliklərlə tarix bizi dəyişdirdiyi kimi, biz də tarixi dəyişdiririk. Dünənə qədər Azərbaycanda belə bir fikir hakim idi ki, AXC parlamentli respublika olub. Amma bu gün mən, akademik fəaliyyətlə məşğul olmasam da, hər kəsə rahatlıqla sübut edə bilirəm ki, elə deyil, bizim ilk respublikamız Məclis-Hökumət Sisteminə malik idi, konvensional rejim idi. Məsələnin arxa planına baxsaq, bu gün elm akademik institutların inhisarından çıxıb. Elm öyrənmək üçün Çinə getməyə ehtiyac yoxdur, Çin artıq ovcumuzun içində- ağıllı texnologiyalardadır.
Elmi biliklərin əlçatanlığının artması ən çox siyasi manipulyatorların işini çətinləşdirir. Onlar daha bir tarixi mövzunu, problemlərin bir aspektini romantizasiya edərək mövqelərini gücləndirə, vətəndaşları manipulyasiya edə bilmirlər. Başa düşürəm, bu gün Məhəmməd Əmin Rəsulzadə bir çoxlarına Heydər Əliyevin qarşısına çıxarmaq üçün lazımdır. Onların yadına salıram, 28 aprel 1920-ci ildən bir qədər qabaq- Azərbaycan bolşevik təhdidi ilə üzləşəndə hakimiyyət böhranına yuvarlanmış ölkənin parlamentinin əsas fraksiyasının sədri məsuliyyəti öz üzərinə götürüb hökumət qura, daxili sabitliyi bərpa, xarici müdaxiləyə müqavimət təşkil edə bilmədi. Ancaq Heydər Əliyev bunları bacardı, həm də fraksiyasız.
Odur ki, tarixi fetişləşdirmək əvəzinə, bu gün qazandığımız uğurların arxasındakı amilləri düzgün təhlil etməliyik. Bəli, biz Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisiyik, amma konstitusiyası olmayan, dövlət bayrağını ingilislərin xoşuna görə dəyişmək məcburiyyətində qalan, 23 ayda dəfələrlə hökumət quran birinci cümhiriyyətimizlə beşinci respublikamızın fərqlərini də görməliyik. Tarixi fetişləşdirəndə bu fərqlər yersiz mübahisələrə səbəb olur, cəmiyyətdə harmoniya pozulur. Söhbət təkcə bu gün hədsiz ehtiyac duyduğumuz milli həmrəylikdən getmir, bir toplum olaraq tarixdən aldığımız enerji də neqativləşir. Biz Zəfər ölkəsi, Zəfər xalqıyıq və məğlubiyyət komplekslərindən qurtulmalıyıq.
Taleh ŞAHSUVARLI