• Hadisə
  • 27 Fevral 2023 20:38
  •  156 100

Azvision.az: "Bu, 100 faiz süni zəlzələ idi" -MÜSAHİBƏ

Türkiyədə baş verən zəlzələlərin süni yolla yaradılmış olması ehtimalı ortaya çıxandan sonra azərbaycanlı alim İkram Kerimovun adı gündəmə gəldi. Çünki vaxtilə məhz o SSRİ-də tektonik silahın yaradılması istiqamətində fəaliyyət göstərən “Merkuri” məxfi layihəsinə rəhbərlik edib. Amma İkram müəllimi tapmaq çox çətin idi, buna görə də haqqında xeyli miflər yayılmışdı. AzVision.az-ın bu maraqlı insanı tapmaq üçün göstərdiyi ilk cəhdlər də uğursuzluqla yekunlaşmışdı.
Amma nəhayət, biz onunla görüşə bildik. Qarşımızda əsl alim, ziyalı siması olan bir insan dayanmışdı. İlk baxışdan aydın oldu ki, internetdə onun adını yazanda çıxan şəkillərin heç birindəki özü deyil. Təəssüf ki, şəkil çəkdirməkdən qəti şəkildə imtina elədi: “İstəmirəm məni görəndə kim olduğumu bilsinlər…”

- İkram müəllim, öncə sizin ətrafınızda yaranan miflərə aydınlıq gətirək. Türkiyədə baş verən zəlzələdən sonra vaxtilə sizin məşğul olduğunuz sahə ilə bağlı xeyli suallar yaranıb. Siz həqiqətən sovet vaxtı tektonik silahın yaradılması layihəsinə rəhbərlik etmisinizmi?

- Bəli, mən o silahın üzərində işləmişəm. Bir proqram var idi, onun elmi rəhbəri idim. Bu, məxfi proqram idi.

- İşlər nə zaman və hansı yerdə dayandırıldı?

- 1992-ci ildə tam dayandırıldı. Lakin 90-ci il hadisələrindən sonra onlarla işləmək niyyətində olmamışam. O zaman iki proqram var idi. Biri hər kəsin haqqında yazdığı “Merkuri-18” idi. O proqramın üzərində 6-7 il işlədik. Lakin digər proqramın üzərində 1989-cu ildən işləməyə başlamışdıq. Bu, Moskva və Moskva vilayətinin ətrafında qoruyucu sistemin qurulması ilə bağlı idi. Həmin layihəyə də mən rəhbərlik edirdim.

1990-cı ilin iyununda İranın Rəşt şəhərində zəlzələ oldu. Ondan qabaq başqa zəlzələ ilə bağlı araşdırma aparanda onlara (SSRİ-nin Müdafiə Nazirliyinin rəhbərliyi nəzərdə tutulur – red.) deyirdim ki, partlayışları dayandırmaq lazımdır. Öncə ətrafda böyük sahədə ölçülər aparılmalıdır. Tektonik boşluqlar varsa, zəlzələ ola bilər. Onlar isə harada gəldi, partlayış aparırdılar. Həmin partlayışların bir tərəfi Rəşti vurdu.

Baş Qərargahın rəhbəri Moiseyevə məktub yazdım. Açıq şəkildə bildirdim ki, bu zəlzələni onlar törədiblər və bu açıqlama mətbuatda da gedəcək. O məktubu hazırlayıb, akademik Eldar Salayevə (Azərbaycan Milli Elmlər Akademiyasının o vaxtkı rəhbəri – red. ) göstərdim ki, o da bilsin. Salayev dedi ki, "Siz tamamilə düz edirsiniz. Amma gəlin, bunu mən də SSRİ Elmlər Akademiyasına göndərim".

Eldar Salayev öz adından Elmlər Akademiyasına, mən isə öz adımdan hərbçilərə göndərdik. Üstündən bir neçə gün keçəndən sonra yazdılar ki, “Sizin fikirlərinizlə razıyıq. Gəlin, Bakıda beynəlxalq konfrans keçirək, alimləri dəvət edək və bu partlayışların mənfi tərəfi barədə açıqlama verək”. 1991-ci ildə Bakıda həmin konfrans keçirildi və birinci dəfə elan olundu ki, nüvə partlayışlarının zəlzələ törətmək kimi mənfi tərəfi ola bilər.

- Bəs bundan sonra nə dəyişdi?

- Ondan sonra İrana getdim. Çünki Rəşt tərəfdə atom stansiyasının tikilməsi barədə məlumat verilmişdi. Təbriz Universitetinin rektoru ilə görüşdə bildirdim ki, orada atom stansiyası tikmək olmaz. Çünki ərazi təsir altında olub və belə mühitdə bəzi dəyişmələr labüddür. Kənar təsir olanda isə zəlzələnin yaranma ehtimalı sürətlənir.

Onlar mənə dedilər ki, Rusiyadan əla mütəxəsisslər gəlib, ölçü işlərini aparıblar, problem yoxdur. Bildim ki, həmin mütəxəssislər təkanların hansı gücdə olacağını qabaqcadan hesablayıb deyə bilməzlər. Mənə inanmadılar.

Proyekti Moskvanın bir layihə İnstitutu işləmişdi. Moskvaya qayıdıb, onları tapdım. Mütəxəssis idilər, amma süni hadisələrdən xəbərləri yox idi. Süni vəziyyətlərdə təkanlar olanda gücü çox böyük alınır. Normalda ərazidə 4 bal hesablanırsa, süni təsir fonunda 8-9 bala qədər yüksələ bilər.

Yenidən Təbrizə qayıdıb, rektora dedim ki, onlar mütəxəssis olsalar da mənim dediklərimdən xəbərləri yoxdur. Tehrandan kimisə çağırdılar, onunla görüşdüm. Bundan sonra o layihəni bağladılar. Həmin vaxt AMEA-nın işçilərinin bundan xəbəri var idi.

- Qayıdaq tektonik silaha. O, həqiqətən varmı?!

- Kimsə tektonik silahın, onun təsirinin olmaması barədə danışanda mənə qəribə gəlir. Deyirəm ki, bunların özləri nə ilə məşğuldurlar axı?!

Birinci dəfə tektonik silahın təsiri ilə zəlzələnin baş verməsi 1978-ci ildə izlənilib. Biz araşdıranda gördük ki, 1978-ci ilin sentyabrın 15-də Semipalatinskdə nüvə partlayışı olub. Onu izləyib, mühitdə hansı dəyişiklərin baş verdiyini qeydə aldıq. 1979-cu ilin sentyabrın 16-da axşam radələrində Tibetdə böyük zəlzələ oldu. O zaman yazdım ki, 90 faiz əminliklə bu zəlzələ həmin partlayışdan yaranıb. Onlar mənə yazdılar ki, alimlər bu fikirlə razı deyillər. Sonra digər zəlzələləri öyrənməyə başladım. Gördüm ki, ondan da qabaq 1976-ci ildə Özbəkistanın Qazli şəhərində zəlzələ olub. Ölçülərə görə Qazlidə 4 baldan yuxarı təkanlar ola bilməz. Amma orada 9 maqtinudalı zəlzələ olmuşdu. Bu, 100 faiz süni zəlzələ idi.

O zaman Baş Qərargaha yazdım ki, təkcə Tibetdəki zəlzələ deyil, 1976-ci ildə törətdiyiniz partlayış nəticəsində Qazlidə zəlzələ olub, şəhər dağılıb. Çünki orada tikililər 4 bala hesablanmışdı. Yenə xəbər gəldi ki, siz yanılırsınız, düz deyil. Biz də dayanmadan bəzi araşdırma və ölçü işləri apardıq. Yazdım ki, belə getsə gərginlik toplanan yerdə 8 il ərzində yenə həmin gücdə zəlzələ olacaq. Çox adam əleyhimizə yazdı ki, ola bilməz. Elmi məqalələrdə, mətbuata açıqlamalarda bildirildi ki, həmin ərazidə bu gücdə zəlzələ 10 min ildə bir dəfə ola bilər. Mən isə 8 il ərzində zəlzələnin təkrarlanacağı proqnozunu vermişdim.

1984-cü ildə zəlzələ baş verdi. Bu göstərirdi ki, kənardan təsir olarsa, təbii proseslər süni şəkildə sürətlənə bilər. Məsələn, Qazlidə zəlzəzənin baş vermə ehtimalı 1000 dəfədən çox sürətlənmişdi.

Başqa yerlərdə ölçülər aparanda gördük ki, Nyu-Yorkda tikilən kollayderin təsiri altında Avropada zəlzələnin baş vermə ehtimalı 5000 dəfə çoxalıb.

- Bəs həmin illərdə Azərbaycanda süni təsirlərlə zəlzələlər olmuşdumu?

- 1981-ci ildə Azərbaycanda Geologiya Nazirliyi və SSRİ Elmlər Akademiyası birgə proqram hazırlayıb, Şamaxı, İsmayıllı tərəfdə tədqiqat aparmaq istəyirdilər. İclasda bildirdilər ki, partlayışlar yolu ilə geoloji mühitdə proseslərin sürətinin dəyişməsini yoxlayacaqlar. Bunun üçün maliyyə də ayrıldı. Mən qəti şəkildə əleyhinə çıxıb dedim ki, həmin ərazilərdə partlayışlar aparmaq olmaz! Texniki tərəfdən də proqram düzgün qurulmamışdı. Onların işlətdikləri cihazların dəqiqliyi çox aşağı idi. Amma mövqeyimizi tam açıq ifadə edə bilmirdik, çünki bəzi qapalı işlər başlanmışdı.

Biz də öz seysmik stansiya cihazlarımızı Şamaxı, İsmayıllı rayonlarında, Padar, Pirquluda qurduq. Onlardan iki həftə əvvəl ölçmələri həyata keçirməyə başladıq. İyunun 1-nə qədər ərazidə olan seysmik fonu yazdıq. Artıq partlayışlar başlamışdı. Hər iki gündən bir 5 ton trotil partladırdılar. Biz də bunu izləyirdik. Avqustun 31-də cihazlarını yığışdırıb getdilər.

Əraziyə təsir göstərəndə oradakı seysmiklik hansısa bir səviyyəyə çatandan sonra proseslər avtomatik rejimdə getməyə başlayacaq. Şamaxı, İsmayıllıda mühit bu rejimə keçmişdi. Yazdım ki, 3-6 ay ərzində burada güclü zəlzələ olacaq. Yenə cavab gəldi ki, ola bilməz. Biz də cihazlarımızı yığışdırmışdıq. Oktyabrda yenidən qurduq, ölçdük. Bu dəfə bildirdim ki, 2 ay ərzində burada 5 və ya daha çox maqnitudalı zəlzələ olacaq.

Noyabrın 1-də bir yox, 4 zəlzələ oldu. Onda böyük komissiya yaradılmışdı. Moskvadan, Müdafiə Nazirliyindən, Akademiyadan nümayəndələr gəlmişdilər. İşçilərə tapşırdım ki, bütün məlumatları göstərsinlər. 10 gündən sonra qəbul olunan sənəddə yazmışdılar ki, guya burada zəlzələ təbii şəkildə hazırlanırmış və partlayışlar bir təkan olub. Mənə dedilər ki, qol çəkim. Bildirdim ki, qeyd tamamilə səhvdir. Burada təbii zəlzələnin yaranması prosesi olmayıb. Çünki Şamaxıdakı zəlzələnin dövrü 60-70 ildir. Bundan qabaqkı zəlzələdən cəmi 3 il keçib və hazırlıq məsələsi yox idi. Onlar sıfırdan başlayıb, seysmik fonu bu mərhələyə gətirmişdilər. Lakin sənədə qol çəkdim, çünki 5 ildə ilk dəfə qəbul olunurdu ki, zəlzələyə süni təsir göstərmək mümkündür.

Bundan sonra onlar Siyasi Büroya müraciət etdilər ki, xüsusi proqrama başlamaq lazımdır. Mən də onun elmi rəhbəri oldum.

- Söhbət “Merkuri” proqramından gedir?

- Bəli. O zaman ABŞ-da da belə sınaqlar aparırdılar.

- Hansısa nəticələr əldə edə bildiniz?

- Lazım olan nəticələr əldə edilmişdi.

- Bura qədərki söhbətimizdən tam aydın oldu ki, partlayışlar süni zəlzələyə səbəb ola bilər. Bəs məqsədli şəkildə hardasa zəlzələ təşkil etmək olur?

- Görünür ki, olur.

- İkram müəllim, Türkiyədəki zəlzələyə kosmosdan müdaxilə edilməsi barədə də fikirlər səslənir. Siz işləyən zamanlarda belə metodlar var idi?

- Kosmosdan təsiri deyə bilmərəm. Amma yerdən təsir ola bilər. İsmayıllıdakı zəlzələni ona görə misal gətirdim ki, süni zəlzələ iki cür ola bilər. Biri var, istəmədən təsir olsun. Orada proses aktivləşir, hansısa bir səviyyəyə çatır. Sonra siz fəaliyyətinizi dondursanız da, proses avtomatik şəkildə özü gedir. Hər mühitin öz xüsusiyyəti var. Bunu gərək xüsusi öyrənəsən ki, gərginlik neçə müddətə hansı səviyyə qalxır və boşalma baş verir. Şübhə yoxdur ki, Türkiyədəki zəlzələyə Suriya və Ukraynadakı müharibələrin təsiri var. Bunu təsəvvür etmək bir qədər çətindir. Kənar adam deyə bilər ki, ola bilməz, Ukrayna hara, Türkiyə hara? Amma Akademiyada işləyənlərin bundan xəbərləri olmalıdır. Onlar bunun mümkün olmadığını deyəndə mənə qəribə gəlir.

Məsələn, 1991-ci ildə İraqda müharibə başlamışdı. Biz də Azərbaycanda davamlı ölçülər aparırdıq, bir də gördük ki, burada böyük dəyişmələr yaranıb. İraqdan çox uzaq olsaq da, baxırdıq ki, sürətlə dəyişmələr gedir. Araşdırma aparanda gördük ki, İraqdakı müharibənin nəticəsində burada - 1200 km uzaqda yerin küy fonunun səviyyəsi əməlli-başlı dəyişib. Abşerondakı və digər yerlərdəki stansiyalar bunu qeyd etmişdir.

Müharibənin seysmikliyə təsirini öyrənməyə başladıq. Gördük ki, Türkiyədə, İranda, Qafqazda xırda zəlzələlərin sayı 3-4 dəfə artıb. Bolqarıstan, Yunanıstanda da həmçinin. Həmin ilin avqustunda Vyanada keçirilən böyük konqresdə bu məlumatı təqdim etdim və göstərdim ki, məsafənin böyük olmasına baxmayaraq, hansı dəyişmələr gedə bilər.

Xırda zəlzələrin sayı çox idi, amma bəzi yerlərdə güclü zəlzələlərə çevirilirdilər. Gürcüstanda apreldə böyük zəlzələ oldu. Gürcülər bizdən soruşdular ki, bu, süni təsirlə ola bilərmi? Təsdiqlədik.

Ondan sonra harada müharibə başlasa, biz seysmik fondakı dəyişmələri izləyirdik. Keçmiş Yuqoslaviyada müharibə başlayanda 3 yerdə ölçmələr aparırdıq. Biri Ukraynadakı Rovensk AES-də idi. SSRİ dağılandan sonra Ukrayna höküməti Azərbaycandan xahiş etmişdi ki, Azərbaycan-Ukrayna birgə proqramı çərçivəsində onların ərazisində texnogen hadisələrdən qoruyucu sistem quraq. Mən 2000-ci ilə kimi o elmi işin rəhbəri idim. Stansiyanın biri Azərbaycanda, digəri Tatarıstanda idi. Müharibə başlayan kimi dəyişmələri yazırdıq. Proses güclü idi. Təsir məsafədən yox, mühitin intensivliyindən asılıdır. Həssasdırsa, təsir göstərəcək. Bu məlumatı sonra mən professor Anar Əlizadə ilə birgə 2001-ci ildə San-Dieqo konfransında ABŞ-da elmi məqalə çap elədik.

- Belə bir iddia var ki, Alyaskadakı HAARP stansiyası yaradılanda sizin araşdırmalardan istifadə edilib. Belədirmi?

- Təsir prinsipi bir şeydir, hansı üsulla - elektromaqnit və ya titrəmə üsulu ilə olması başqa şey. Bilirəm ki, 1994-cü ildə HAARP-ı qoşanda böyük məsafəyə təsir göstərmişdi. Biz onu izləmişdik. 1994-cü ildə Avropada zəlzələrin sayının artmasını müşahidə etdik. Sonra Nyu-York kollayderi işə salınanda daha HAARP-ı izləməkdən əl çəkdik, çünki kollayderinin təsiri ondan dəfələrlə çoxdur. Bunu qəzetlərdə də yazmışdım. 1994-cü ildən 2000-ci ilə qədər Qərbi Avropada xırda zəlzələrin sayı ildə 2000-2500 olub. Nyu-York kollayderini işə salandan sonra 5000-5500-ə qədər qalxdı. Cenevrədəki Böyük Adron Kollayderi işə salınandan sonra həmin zəlzələlərin sayı 200-250-yə düşdü. O zaman başa düşdüm ki, Böyük Adron Kollayderinin əsas məqsədi nədir. Bu haqda yazmışam, qapalı məlumat deyil.

NATO-nun nüvə partlayışları ilə bağlı eksperti kimi çalışanda onun iki rəhbərinə də bu haqda məlumatı vermişəm. Onlara dedim ki, Avropada çoxlu atom stansiyaları var, amma qoruyucu sistem yoxdur, onu yaratmaq lazımdır. Çünki kənardan hər hansı təsir ola bilər. Dedilər ki, “bu, bizim problem deyil”. Kollayder işə salınandan sonra zəlzələlərin sayının 20 dəfədən çox aşağı düşdüyünü görəndə bildik ki, əslində onlar bu işlə məşğul imişlər. Kollayderin elmi tərəfi bir yana, amma əsas məqsəd hərbi xarakterlidir. O qoymur ki, seysik mühitdə gərginlik yığılsın, toplanan gərginliyi boşaldır.

- Düz başa düşürüksə, Cenevrədəki Böyük Adron Kollayderi bir növ Nyu-York Kollayderinə əks-təsir üçün yaradılmışdı?

- Nyu-York Kollayderinin mənfi təsiri Avropaya çatanda öz kollayderlərini işə salıb, fonu neytrallaşdırdılar. Və bütün enerji Asiya qitəsinə yönəldi…

AzVision.az