- Hadisə
- 19 May 18:33
- 983
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb

Azərbaycan-İsrail hərbi əməkdaşlığı inkişaf etdirilir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.
Aznews.az xəbər verir ki, Azərbaycan MN-dən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Rəsmi səfər zamanı Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.
Görüş zamanı Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirib, ortaq maraqlar və qarşılıqlı etimadın əhəmiyyətini vurğulayıb.
Tərəflər müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.
İsrail müdafiə naziri HAMAS-ın 7 oktyabr hücumundan sonra dəstəyə, eləcə də, İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Azərbaycana təşəkkür edib.
Katz Azərbaycanıın "Eurovision" yarışmasında İsrailə 12 xal verməsini iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.
Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.