- Mahal
- 18:42
- 996
Ağsaqqallar Şurası SSRİ-nin xiffətini çəkən Saleh Səmədovu vəzifəsindən çıxartdı

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
AzNews.az xəbər verir ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.
İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.
Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.
Xatırladaq ki, Saleh Səmədov 1962-ci ilin iyun ayının 27-də İmişli şəhərində anadan olub. 1969-1980-ci illərdə İmişli şəhər N.Nərimanov adına 1 saylı məktəbdə orta təhsil alıb. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə bitirib.
1983-85-ci illərdə İmişli Rayon Rabitə və İşarəvermə Stansiyasında anbar müdiri, 1985-86-cı illərdə İmişli Rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı Şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcı işləyib. 2010-2011-ci illərdə İmişli Rayon İcra Hakimiyyəti Başçıısnın Sosial-İqtisadi Məsələlər Üzrə müavini, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə “Azər-S-Test” MMC-də direktor vəzifələrində işləyib.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. 4 övladı var.
AzNews.az