Bu, Azərbaycan üçün diplomatik üstünlükdür - Hikmət Babaoğlu

“Avropa Siyasi Birliyinin altıncı Zirvə toplantısı Azərbaycanın artan beynəlxalq çəkisini bir daha nümayiş etdirdi. Sammit çərçivəsində bir çox dünya liderlərinin Prezident İlham Əliyevlə təmas qurmağa can atması, Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın da Azərbaycan Prezidenti ilə görüş təşəbbüsü irəli sürməsi, ilk növbədə, Bakının sülh prosesi və regional sabitlik baxımından həlledici aktor kimi qəbul edilməsinin təsdiqidir. Qeyd etmək lazımdır ki, bu tip sammitlər çərçivəsində keçirilən ayaqüstü və ya qeyri-rəsmi görüşlər, hər nə qədər simvolik əhəmiyyət daşısa da, konkret nəticələrə hesablanmış platformalar deyil”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Xatırladaq ki, Tiranada Avropa Siyasi Birliyi sammiti çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş “söhbət-ünsiyyət” formatında olub. Kadrlarda tərəflərin ilkin söhbətindən sonra danışıqlara iki ölkənin rəsmilərinin də qoşulduğu görünür. Rəsmi məlumata görə, sülh sazişi layihəsinin razılaşdırılmasının vacibliyi vurğulanıb, lakin əlavə detallar açıqlanmayıb.

Deputat bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh prosesi yalnız hər iki tərəfin hazırladığı hüquqi və diplomatik əsaslandırılmış sənədlərlə irəliləyə bilər.

“Prezidentlərin görüşü isə bu razılaşdırılmış sənədlərin təsdiqlənməsi mərhələsində baş tutur. Bununla belə, Paşinyanın Prezident Əliyevlə ünsiyyət qurmağa çalışması, tərəflər arasında dialoq imkanlarının hələ də mövcud olduğunu göstərir və bu, müsbət hal kimi dəyərləndirilməlidir. Əgər sammit çərçivəsində iki ölkənin liderləri arasında heç bir təmas baş verməsəydi, bu, sülh gündəliyinə inamsızlıq siqnalı olardı. Eyni zamanda, bu siyasi jestin Ermənistanın daxili siyasəti ilə də sıx bağlı olduğu unudulmamalıdır. Paşinyanın hakimiyyətinin son ili başlayıb və 2026-cı ilin iyun ayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Əgər bu dövr ərzində Ermənistan-Azərbaycan münasibətlərində real nəticələr əldə olunmasa, Paşinyanın seçki kampaniyasında xalq qarşısında təqdim edəcək konkret siyasi nailiyyəti olmayacaq”.

Deputat sonda vurğulayıb ki, bu baxımdan Paşinyan seçkilərə qədər mümkün sülh razılaşması istiqamətində addım atmağa çalışır və Tiranadakı təşəbbüs də bu kontekstdə qiymətləndirilə bilər:

“Nəticə etibarilə, dialoqun özü – istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə – sülh gündəliyinin yaşadığını göstərir və gələcəkdə irəliləyiş üçün müəyyən zəmin yarada bilər. Bu, Azərbaycan üçün diplomatik üstünlük, Ermənistan üçün isə siyasi zərurət kontekstində dəyərləndirilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az