TƏBİB rəsmisi: İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır

İlkin səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində genişmiqyaslı institusional işlər aparılır.

Aznews.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) media nümayəndələri üçün keçirdiyi təlimdə məlumat verib.

Onun sözlərinə görə, mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastruktur üzrə aparılan təhlillər əsasında "İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi" hazırlanıb:

"Sənəd xidmətlərin əlçatanlığı, keyfiyyəti və dayanıqlılığı üzrə yeddi strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir. Layihə güclü ilkin tibbi-sanitariya yardımının qurulması, profilaktikaya və sağlamlaşdırıcı tədbirlərə yönəlik səhiyyə sisteminin yaradılmasını, əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və onlara ən yaxın ərazidə həll olunmasıı hədəfləyir. Artıq Bərdə rayonunda pilot layihənin icrasına başlanılıb".

Aznews.az