Vətəndaşlar açıq məkandakı reklamlara dair təklif və şikayətlərini elektron formada göndərə biləcək

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet səhifəsində yeni - "Açıq Məkanda Reklama İctimai Nəzarət" adlı bölməni istifadəyə verib.

Aznews.az xəbər verir ki, Bu barədə ADRA-dan məlumat verilib.

Qeyd olunub ki, yeni rəqəmsal platforma vətəndaşlardan daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa xidmət edir.

Məlumata görə, vətəndaşlar açıq məkanda yayımlanan reklamlara dair təkliflər, şikayətlər, təşəkkürlər, sorğular və fotomaterialları elektron formada Agentliyə operativ və rahat göndərə biləcəklər. Bu imkan açıq məkandakı reklamlara nəzarətin daha effektiv təşkilinə, müraciətlərin çevik emalına və proseslərin əlavə resurs tələb etmədən optimallaşdırılmasına şərait yaradır.