Atasını döyüb öldürən yeniyetməyə hökm oxundu

Sumqayıtda atasını döyərək öldürməkdə təqsirləndirilən Z.B.nin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Aznews.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.B. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Sumqayıt şəhərində baş verib. 1981-ci il təvəllüdlü Aslan Bədirovun döyülərək xəstəxanaya yerləşdirilməsi daha sonra isə orada ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ölən şəxsin əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 17 və 16 yaşlı övladları saxlanılıb. Prokurorluqda aparılan araşdırmalarla cinayət əməlinin 17 yaşlı Z.B. tərəfindən törədilməsi müəyyən olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Aznews.az