Maştağada gölün qanunsuz doldurulması faktı araşdırıldı

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sovxoz Ramana ərazisində yerləşən gölün doldurulması faktı yerində araşdırılıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, araşdırma çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib.

Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.

Qeyd edilib ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji baxımdan həssas zonadır. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Aznews.az