İranda 83,7 faiz zənginləşdirilmiş uran hissəcikləri aşkar edilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müstəntiqləri İranın Fordo nüvə obyektində iki mərhələli IR-6 sentrifuqasının əvvəllər elan ediləndən əhəmiyyətli dərəcədə fərqli şəkildə konfiqurasiya edildiyini müşahidə ediblər.

AzNews.az xəbər verir ki, buradan götürülən nümunələrin təmizliyi 83,7 faizə qədər olan hissəciklər olduğu müəyyən edilib.

"İran agentliyə keçid dövründə zənginləşdirmə səviyyələrində "arzuolunmaz dalğalanmaların" baş verə biləcəyi barədə məlumat verib", - agentliyin hesabatında deyilir.

Məsələyə aydınlıq gətirmək üçün agentlik ilə İran arasında danışıqlar davam edir.

MAQATE bundan əvvəl İranın uranın 60 faizini zənginləşdirdiyini bildirmişdi.

Fevralın 20-də bəzi beynəlxalq media orqanlarında İranın uranı 84 faiz səviyyəsində zənginləşdirdiyi barədə xəbərlər yayılıb və Tehran administrasiyası bunu təkzib edib.