Paşinyan: Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya birgə şəkildə yol xəritəsi hazırlamağı və bununla paralel olaraq Qarabağ məsələsini bağlamağı təklif edir.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Deyirəm, gəlin oturaq, tədbirlərin yol xəritəsini hazırlayaq ki, bu mövzunu necə gündəmdən çıxarmağı anlayaq. Bu mövzunun gündəmdən çıxarılması uzunmüddətli perspektivdə istənilən münaqişə vəziyyətinin istisna olunması deməkdir”, – Paşinyan Azərbaycanın Xarici İşlər Nazirliyinin son bəyanatını şərh edərkən bildirib.

Paşinyanın sözlərinə görə, bu, həssas mövzudur. Bununla belə o, Qərbi Azərbaycan narrativini qəbul etmir.

“Əgər biz bir-birimizin ərazi bütövlüyünü tanımışıqsa, deməli, bunu tam şəkildə həyata keçirməliyik. Mən yolu belə görürəm”, – Baş nazir bildirib.

Bununla yanaşı, Paşinyan Ermənistandakı müxalif qüvvələrin ritorikasını da tənqid edib. Onlar iddia edirlər ki, Qarabağ məsələsi bağlanmayıb və Qarabağ ermənilərinin qayıtmaq hüququ var.

“Mən Qarabağdan olan bizim insanlara da demişdim ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, o deməkdir ki, yenidən Qarabağ hərəkatına başlayırıq. Mən isə artıq bildirmişdim ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb, onu yenidən diriltmək cəhdləri fayda verməyəcək”, - Paşinyan vurğulayıb.

Baş nazirin fikrincə, əgər erməni tərəfi Qarabağ məsələsinin həll olunmadığını deyirsə, bu, yeni müharibə deməkdir: “Qarabağ məsələsinin davam etdirilməsi yeni müharibə, yeni qurbanlar, yeni əzablar, yeni blokada və onun gözlənilməz nəticələri deməkdir. Kim deyir Qarabağ məsələsi bağlanmayıb, mahiyyət etibarilə belə deyir ki, Ermənistan yeni müharibəyə başlamalıdır”.

Qeyd edək ki, Bakı “Ermənistan-Aİ strateji tərəfdaşlıq” sazişinin yeni mətnindən narazılıq ifadə edib, sənədin sülh prosesinə zidd olduğunu bəyan edib. Azərbaycanın XİN-i sənədə daxil edilmiş “Azərbaycanın hərbi əməliyyatlarından sonra qaçqın vəziyyətinə düşmüş Qarabağ erməniləri” ifadəsini və bu məsələyə İrəvan–Brüssel tərəfdaşlığında prioritet status verilməsini qəbuledilməz hesab edir.