Gürcüstan parlamentinin üzvləri: Azərbaycan Prezidentinin səfəri mühüm əhəmiyyət daşıyır

Strateji tərəfdaşımız, dost və qonşumuz olan ölkənin liderinin Gürcüstana səfəri hər zaman mühüm əhəmiyyət daşıyır.

Aznews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin Prosedur məsələləri üzrə komitəsinin sədri Davit Matikaşvili deyib.

Onun sözlərinə görə, ölkələr ətrafındakı siyasi vəziyyət fonunda Orta Dəhliz daha çox əhəmiyyət daşıyır.

"Orta Dəhliz Avropa və Asiya arasında yeganə sabit bənddir. Bu halda Gürcüstanın rolu əvəzsiz və unikaldır. Azərbaycan Prezidenti bu barədə dəfələrlə danışıb", - Matikaşvili əlavə edib.

Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili də Azərbaycan liderinin dövlət səfərini müsbət dəyərləndirib. O hər iki ölkənin son illərdə ən vacib ticarət marşrutlarının əsas iştirakçıları olduğunu qeyd edib.

"Azərbaycan Prezidentinin Gürcüstana səfəri həmçinin bu marşrutdan maksimum dərəcədə istifadə etmək və bu fürsətdən yararlanmaq üçün onun inkişafını daha da təşviq etməyə xidmət edir", - komitə sədri söyləyib.

Birinci vitse-spiker Gia Volski isə öz növbəsində bildirib ki, Azərbaycan dövlət başçısının səfəri zamanı hər iki ölkə üçün iqtisadi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi aparılıb.

"Bu məsələlər sabitlik üçün xüsusi əhəmiyyət daşıyır və iqtisadi inkişaf Gürcüstan hökumətinin son zamanlar əsas prioritetlərindən biridir. Müzakirə olunan bütün məsələlər iqtisadi faydalarla və əlbəttə ki, xüsusilə vacib bir mövzu - sülh və sabitliklə bağlı olub", - vitse-spiker əlavə edib.