Prezident: "Biz hələ cəmi bir neçə min hektar ərazini minalardan təmizləmişik"

"Yeni hərbi bölmələrin, Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm"

“Ərazilərin minalardan təmizlənməsi məsələsində biz hələ yolun başlanğıcındayıq. Biz hələ cəmi bir neçə min hektar ərazini təmizləmişik. Mən yeni hərbi bölmələrin, Azərbaycan Müdafiə Nazirliyinin yeni mühəndis-istehkamçı batalyonlarının formalaşması barədə göstərişlər vermişəm”.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, bu bölmələr artıq formalaşıb: “Bu yaxınlarda biz Türkiyədən müasir texnika almışıq, o artıq gətirilib. Bu texnika bizim işimizi xeyli asanlaşdıracaq. Bununla paralel olaraq mən yaxın vaxtlarda Minatəmizləmə üzrə Dövlət Agentliyinin yaradılması barədə Sərəncam imzalamışam. Bundan əvvəl bizdə mövcud olan, ANAMA adlanan qurumun statusu çox qeyri-müəyyən idi. O, vaxtilə işğaldan azad edilmiş ərazilərin bərpası üzrə mövcud olmuş komissiyanın nəzdində yaradılmışdı. Bu işi gücləndirmək üçün biz dövlət qurumu yaratdıq, o, artıq formalaşıb. Agentliyin səmərəli işləməsi üçün biz bu ilin investisiya proqramında təqribən 100 milyon manat ayıracağıq. O cümlədən ən müasir avadanlıq, distant xarakterli robotlar və minatəmizləyən maşınlar alınacaq. Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq. Birinci istiqamət Müdafiə Nazirliyi, ikinci istiqamət Minatəmizləmə Agentliyidir. Bundan əlavə, müharibə başa çatandan dərhal sonra ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis ezam edilib. Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər. Hazırda biz bu istiqamətdə təcrübəyə malik olan bir neçə şirkətlə danışıqlar aparırıq, ancaq bu danışıqlar hələ başa çatmayıb. Orada razılaşmalar gedir. Lakin biz bütün imkanlardan maksimum istifadə edəcəyik. Yeri gəlmişkən, agentliyin rəhbəri vəzifəsinə təyin edilən şəxsə də demişəm, biz istəyirik ki, bu işdə Azərbaycan şirkətləri də iştirak etsinlər, çünki bu iş, təəssüf ki, bir ilin işi deyil. Minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. Buna görə yerli şirkətlər də bu işə qoşulmalıdır”.(APA)

AzNews.az