• Paytaxt
  • 8 Dekabr 2022 15:11
  •  2 012

Allahşükür Paşazadə: Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər

Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyi, Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyi münasibətilə belə bir nüfuzlu tədbirin keçirilməsi olduqca təqdirəlayiq hadisədir.

Aznews.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvada keçirilən Ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumunda çıxışında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev salamlarını, Azərbaycan xalqının xeyir-dualarını Forum iştirakçılarına çatdıran QMİ sədri bu mübarək tarixin mötədillik, mehriban qonşuluq, konfessiyalar və millətlər arası anlaşma kimi mühüm, həyati əhəmiyyətli mövzulara həsr olunmuş beynəlxalq tədbirlə qeyd olunması təşəbbüsünə görə təşəkkürünü bildirib.

"İslam dünyasına, müsəlman irsinə ənənəvi olaraq dərin ehtiramı ilə seçilən Rusiya torpağında bir araya gəlməyimiz önəmli haldır. Rusiya Federasiyasının Prezidenti Zati-aliləri Vladimir Putin cənablarının ənənəvi dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaşması, İslam dininin mütərəqqiliyi, bəşəri əhəmiyyətini ifadə etməsi Rusiyanın müsəlman aləmində böyük hörmət qazanmasına dəlalət edir. Bugünkü forumda əziz qardaşlarımı, möhtərəm Müftiləri, nüfuzlu din xadimlərini görmək fürsətindən məmnunam. Bütün bu dəyərli insanlarla uzun illər ərzində dinlər, məzhəblər arası anlaşma və əməkdaşlıq yönündə müştərək iş aparmış, əməli səylər göstərmişik. Dünyanın mənəvi cəhətdən böhranlarla üz-üzə qaldığı mürəkkəb zamanda Yer üzündə Uca Allahın buyurduğu, təlqin etdiyi ideallara istinad, ilahi düzənin formalaşdırılması taleyüklü önəm kəsb edir. Azərbaycan xalqı Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdi. 30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb. Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa və yenidən qurur. Qalib Azərbaycan bölgədə sülhə çağırır və iqtisadi layihələrlə çıxış edir, lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. Erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur. Münaqişə dövründə Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısı alındı. Sülh yönündə bu xidmətlərinə görə müdrik qardaşım Patriarx Kiril həzrətlərinə Azərbaycan xalqı adından dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün həmkarlarıma, xüsusilə, qardaşım, Rusiya müsəlmanlarının rəhbəri Ravil Qaynutdin həzrətlərinə dərin təşəkkürlərimi bildirmək istərdim",- deyə Şeyxülislam A.Paşazadə vurğulayıb.

QMİ sədri qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi çərçivəsində Dinlərarası Şurada, habelə MDB Müsəlmanlarının Məşvərət Şurası müstəvisində xalqlarımızın ənənəvi dini-mənəvi əlaqələrinin qorunub saxlanılması və dərinləşdirilməsi istiqamətində böyük təcrübə mövcuddur:

"Mərkəzi Asiya dövlətləri ilə tarixi əlaqələrimiz bizim ümumi mənəvi sərvətimizdir. Qafqaz Xalqları Ali Dini Şurası, Şimali Qafqaz müftiləri Koordinasiya Şurası müstəvisində uzun onilliklər ərzində bölgədə sülh, təhlükəsizlik, dinc qonşuluq, qarşılıqlı anlaşma mühitinin davamlı olması yolunda böyük səylər göstərmişik.

XXI əsrdə təhdid və böhranların səngimədiyi bir dövrdə sülh və ədalətin təmininə xidmət edən dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti kimi humanist dəyərlər xüsusilə özəl əhəmiyyət kəsb edir. İnsanlar arasında təcavüzü, zorakılığı və ayrı-seçkiliyi qızışdıran, müxtəlif ölkələrdə sabitliyi pozan siyasi və sosial təhdidə çevrilən nifrət çağırışları, məcburi miqrantlara qarşı anti-humanist, irqçi, aqressiv münasibət dövrün reallıqlarıdır. Din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin, dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri kimi halların önlənməsi zəruridir. Bəşər ailəsi bu təhdidlərdən yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər, məzhəblər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Bu gün dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsi müstəvisində Azərbaycanın uğurlu birgəyaşayış modeli bütün dünya üçün örnək ola bilər. Multikultural zənginlik Azərbaycan dövlətinin ən böyük sərvətlərindəndir. Zati-aliləri Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasını təşviq edir, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifidir, İslam həmrəyliyi ideyalarını müdafiə edir. Ümidvaram ki, Moskva Forumu beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə, sülhün bərqərarı işinə öz töhfəsini verəcəkdir. Bir daha Forumun təşkilatçılarına təşəkkürlərimi bildirir, İslam dünyasının yüksəlişi naminə və mənəvi birliyinin daha da dərinləşməsinə vəsilə olacaq birgə səylərimizə Uca Allahdan böyük uğurlar diləyirəm",- deyə Şeyxülislam Allahşükür Paşazadə çıxış nitqini yekunlaşdırıb.