İlham Əliyev: Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır

Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır.

Aznews.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə bölgə üçün yox, dünya üçün böyük əhəmiyyət daşıyır.

"Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük", - deyə Azərbaycan Prezidenti vurğulayıb.