Azərbaycan Prezidenti: Biz Konqresin 907-ci düzəlişi aradan qaldıracağını gözləyirik

Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib.

Aznews.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin fəaliyyətinin dayandırılması ilə bağlı suala cavabında bildirib.

"İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq", - İlham Əliyev qeyd edib.

Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlət başçısı deyib: "Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var".