- Paytaxt
- 6 Yanvar 07:50
- 3 649
Prezidentdən müjdə: Bakı və Sumqayıtın bu problemləri həll olunacaq
"Biz tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul edəcəyik, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var. Hələ də güclü yağışlar olanda problemlərlə üzləşirik. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, əlbəttə ki, Bakının nəqliyyat problemləri həll olunacaq".
AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ölkə televiziyalarına müsahibəsində danışıb. Dövlət başçısı paytaxtın nəqliyyat problemlərindən söz açıb:
Hamımız yaxşı bilirik ki, - bəlkə siz bunu məndən də yaxşı bilirsiniz, - yol hərəkəti bu gün həqiqətən də ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol. Hamımız, - bəlkə hamımız yox, - amma Mirşahin və mən buradan Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O vaxt cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində yeddi stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik.
AzNews.az