Kəramət Böyükçöl Kəramət Böyükçöl

Yaşlı qadınlar və sütül oğlanlar

Kəramət Böyükçöl


Üç roman yazmışam, nə qədər hekayələrim, publisistik yazılarım var, amma məni ən çox ANS-də dedyim yarımçıq bir şeirlə tanıyırlar. Videom telefonlarda gəzir. Qabağıma kim çıxır, o şeiri kef-əhvalın soruşur. Sosial şəbəkələrdə minlərlə adam o şeirin ardını məndən istəyirlər. Qeyrətli camaatımız konteksdən çıxarılmış bu şeirə görə mənə ağzına gələni yazır, dişinin dibindən çıxanı deyir...
Yadıma gəlir, dəfələrlə zəng eləyib məni verilişə dəvət elədilər. Bir neçə din xadimi, hüquqşünas, milli-mənəvi, əxlaqi dəyərlərə malik ağsaqqal çağırıb ailə mövzusunu müzakirə eləyirdilər. Qonaqlardan biri də mən idim. Studiyaya daxil olanda qəfil anladım ki, bura mənim yerim deyil. Ancaq gec idi, iş-işdən keçmişdi.
Ailə müqəddəsdir, ailəni qorumaq kişinin müqəddəs borcudur, qadın bəşəriyyətin qayınanasıdır, məhəbbət dağ havası kimi saf, təmiz duyğudur, bizim gözəl, namuslu əxlaqlı qadınlarımız var, o qadınlar öz ruhlarında Nigar cəsarətini, Həcər qeyrətini yaşadırlar və s. Bu ağsaqqallar, hüquqşünaslar və din xadimlərinin müasir ailə modeli haqqında məntiqləri və təfəkkürləri bu özlərdən o yana getmir ki...
Həmin verilişdə Əli Nur adında bir aktyor da vardı. Efirdə Süleyman Rüstəmin ilk məhəbbət haqqında şeirini oxudu. Heç hənanın yeridi? Şeir təmiz məhəbbəti Sovet üslubunda tərənnüm edirdi. Əli Nur mənim yanımda oturmuşdu. Səsindən az qaldı qulağımın pərdəsi deşilsin. Axı həqiqət pıçıltı ilə deyilir.
Aradan üç il keçib, Əli Nurun səsi hələ də qulağımdadı. Məni Əli Nurun səsi əsəbləşdirdi, bir az da emosiyalara qapılıb, müasir həyatımızı əks etdirən və əslində, poetik cəhətdən çox zəif bir şeir oxudum... Efirdə deməyə imkan verməsələr də, burada deyim ki, şeirin müəllifi mən deyiləm, yaxın bir dostumdur.

Sən bir qəşəng qızıydın
Universitetə qəbul oldun.
Əyani oxumaq istədin
partana əyləşəndə
ilk dəfə dizlərini müəllimin gördü.
Dizlərin plyajdan daha qəşəngdi,
Yaşıdın oğlanları saya salmadın,
Quşun yaşlı kişilərə qondu...

Burda şeiri kəsdilər, verilişin aparıcısı Elgiz müəllim axıracan oxumağıma imkan vermədi və mən də bu hərəkəti özümə qarşı hörmətsizlik hesab edib verilişi tək etdim. Belə də lazım idi. Efirdən çıxanda məni tanıyan bütün insanlardan bu verilişə gəldiyimə görə üzr də istədim.

Haradan bildin ki,
yaşlı kişilər gənc qızlara
bərk bağlanırlar
Onları itirməmək üçün
hər şeyə gedirlər.
Yaşlı qadınlar da
sütül oğlanları bərk tuturlar.
Bunu sənə inturist
mehmanxanasında
işləyən yaşlı xozeykan söyləmişdi.
Hələ bir dəfə də demişdi ki,
Sən bu bədənlə yaxşı
pul qazana bilərsən
Arvadı ölmüş
bir kişiyə gedərsən.
Hazır ev-eşik sahibi olarsan.
Ona görə də yaşlı kişilərlə
kabab yedin,
Mini yubkalar geydin
Universitetdə qiymətlərini
pulsuz yazdılar.
Ancaq yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Bir gün xozeykana dedin:
"Mən necə ərə gedəcəyəm?"
Kənddə əmin oğluna gedərsən - dedi,
Kənd oğlanları avam olur.
Sonra səni tanış bir ginekoloqun
yanına apardı,
Qızlığını yaxşıca düzəltdi.
Daha bir kişini də
aldada bilərsən - dedi.
Pulunu da yaşlı bir kişi verdi.
əldən-ələ düşdün
dildən-dilə.
Yaşlı kişilərin
arvadları ölmədi ki, ölmədi.
Üzləri bərk imiş.
Sonra da kafedə işlədin
Plyaj dizlərindən daha qəşəngdi.

Hər səhər bir səs gəlir
kafedən
Mən zamanın qızıyam
Köynəyi qırmızıyam.


Mən bu şeirlə Əli Nura demək istəyirdim ki, ilk məhəbətdən danışmağın yeri deyil, bilənlər bilir harda təmiz sevgi var, harda yoxdu. Mən də bilirəm məhəbbət gözəldi, safdı, təmizdi. Mən də bilirəm məhəbbətlə yaşamaq lazmdı, insan içini ancaq sevgiylə təmiz saxlaya bilər. Amma cəmiyyət, mühit, həyat o təmiz məhəbbəti kənddən kafeyə necə gətirir, şeir onu demək istəyir. Amma mən bu şeiri deyəndə Elgiz içini çəkdi, gözü kəlləsinə çıxdı. Efirdə dedi ki, Kəramət bizim tərbiyəmizi pozur. Ay dünya, ay dünya...