“Cahangir Hacıyev 100 milyondan çox pulumu oğurlayıb” – Hacı İbrahimdən ittihamlar

“Xəzər Adaları” layihəsinin müəllifi, “Avesta” Konsernin rəhbəri Hacı İbrahim Nehrəmli “Yeni Müsavat” qəzetinə müsahibə verib.


AzNews.az həmin müsahibəni ixtisarlarla təqdim edir:

- İş adamlarının vəziyyətinin pisləşməsi, sizcə, hansı səbəbdən baş verir?

- Bizim ölkədə məmur məmur kimi yaşamır. Bizə "oliqarx" deyirlər. İndi gəlin görək, əslində "oliqarxlar" kimlərdir. "Oliqarx" dövlət vəzifəsində oturub, rüşvət alanlardır əslində. Pul yığıb özlərinə banklar, restoranlar, zavodlar açırlar. Onların yanında iş adamı kimdir axı? İş adamı heç bəzi məmurlara yaxınlaşa da bilmir. Bunlar sanki iş adamı görəndə murdar bir məxluq görürlər.

- Bu kimi şikayətləri vaxtaşırı deputatlardan da eşidirik. Onlar da məmurların saymazlığından şikayətçidirlər. Sizcə, bunun qarşısı nə üçün alınmır?

- Məmurlar çox varlanıblar. Hamısı özlərini ayrıca bir dövlət kimi hiss edir. Məmur kimdir ki, bankı olsun, zavod açsın, fabrik qursun?! Hər kəs bilir ki, bu bank dövlət büdcəsindən oğurlanan pulların hesabına açılıb. Hesab edirəm ki, Nazirlər Kabineti bu məsələlərin üzərində işləməlidir. Hər şeyi cənab prezidentin üstünə yıxmaq olmaz. O, həm xarici səfərlər etsin, həm də daxildəki bu kimi məsələlərlə məşğul olsun?! Bütün bunlar bir yerə sığmır.

- Məmurları tənqid edirsiniz, ancaq sizin qardaşınız Nazim İbrahimov da nazir statusunda olan bir məmurdur. Onun fəaliyyəti barədə nə düşünürsüz?

- Doğrudur, qardaşım da məmurdur. Ancaq o, pulsuz məmurdur. Onun pulu haradandır? Nazim İbrahimov əsl məmurdur, sadə həyat sürür. Onun kimi yaxşı məmurlarımız da var. Misal üçün, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və s. İş adamı kimi onlara nə zaman müraciət edərsək, dərhal qəbul edirlər.

- Beynəlxalq Banka olan borcunuzu ödədinizmi?

- Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər.

- Kim götürüb?

- Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyev. Fevral devalvasiyasından 3 gün öncə, yəni 18 fevralda adıma dediyim məbləğdə kredit götürüblər. Bununla bağlı banka zəng edərək, məsələni araşdırdım. Söylədilər ki, Cahangir Hacıyevin vaxtında rəhbərlik göstəriş verib, biz də etmişik. Dedim ki, rəhbərlik özünün əmisinin, xalasının adına götürərdi də... Cavab verdilər ki, onların da adına götürüb. İndi yer olmadığı üçün sizin adınıza götürdülər. Bu müqavilədə nə imzam var, nə də hər hansı bir kontraktım.

- Bu barədə bankın yeni rəhbərliyini məlumatlandırmısınız?

- Bəli, onlara da yazmışam, ancaq cavab ala bilməmişəm. "ASAN Xidmət"ə müraciət edib borcumun miqdarını öyrəndim. Bankdan isə dedilər ki, "adınıza qeyri-qanuni formada borc götürülüb, lakin bu barədə sizə yazılı məlumat verə bilmərik".

- Öz imzanızla götürdüyünüz kreditin miqdarı nə qədərdir?

- Təqribən faizi ilə birlikdə 300 milyondur. Bunun 10 faizi dollarladır. Bizim borcumuzu ödəmək üçün son tarix 2019-cu ildə bitir. O zamana kimi də ödəyəcəyik. Bu məbləğ, girov kimi qoyduğumuz əmlakın qarşısında elə də böyük deyil. Bütün iş adamlarına güzəştli kredit versələr, ölkə iqtisadi böhrandan çıxar. Heç bir problem də olmaz. Hazırda da boş dayanmamışam. İmişlidə 120 nəfərlik iş yeri açmışam. Eyni zamanda Qubada da iki fabrik qurmuşam. Mart ayına qədər də daha iki rayonda bu kimi iş yerləri açacağam. Biz dövlətimizə töhfəmizi bu cür veririk ki, mövcud iqtisadi vəziyyətdən çıxa bilək.