“O, mənə evdə “mama” deyirdi” - Vaqif Səmədoğlunun həyat yoldaşı

“Onunla tanış olanda Səməd Vurğunu tanımırdım”



"XƏRÇƏNG BİZİ DAHA DA YAXINLAŞDIRDI"

Mərhum Xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilovanın AzNews.az-a müsahibəsi:

– Nüşabə xanım, Səməd Vurğunun heç bir övladı artıq həyatda yoxdur. Siz ailənin gəlini kimi qaynatanızın, həyat yoldaşınızın və onun qardaşının irsinin qorunub-saxlanmasında, bu işlərə nəzarət olunmasında özünüzü borclu hesab edirsinizmi?
– Kəramət, burada təkcə borcdan söhbət getmir. Mən başqa cür təsəvvür etmirəm, düşünürəm ki, elə belə də olmalıdır. Həyat yalnız yeyib-içməkdən, gedib-gəlməkdən ibarət deyil. Vaqif mənim əzizim idi. Vaqifin maraqları mənim də marağımdı...

– Vaqif müəllim sağlığında bu işlərin görülməsi ilə bağlı sizə nəsə tapşırmışdımı?
– Yox, heç nə deməmişdi. Çünki o, mənə çox arxayın idi...

– Onun bu inamını necə qazanmışdınız?
– Təbii ki, heç nə birdən-birdə yaranmadı. Bunun üçün müəyyən zaman yaşamalısan. İllər Vaqifdə mənə qarşı arxayınlıq hissini yaratmışdı, hər şey illərlə üst-üstə yığılmışdı. Vaqif gördü ki, hər şeydən əlavə mən artıq onun maraqlarını da bölüşürəm. Görürdü ki, get-gedə onun həyat tərzi mənim də həyat tərzimə çevrilir. Vaqifin də mənə olan münasibəti elə-belə olmayıb...

– O, bir çıxışında demişdi ki, mən bilmirəm ölüm yaxındır, ya uzaq, mən bilmirəm ölüm istidir, ya sazaq... Bircə onu bilirəm ki, mən ölsəm, Nüşabə yazıq olacaq..
– Təbii ki, elədir. Vaqifdən sonra çox yalqızam...

– Bəs o boşluğu nə ilə doldurmağa cəhd edirsiniz?
– Deyirdim ki, "Səməd Vurğun" muzeyinin direktoru kim olur-olsun, mən kənardan ona öz köməyimi edərəm. Amma sonra məni inandırdılar ki, muzeyin direktoru özünün olması daha yaxşı olardı. Məni bu işə layiq bilənlərə minnətdarlığımı bildirirəm. Vaqifdən sonra başım bu muzeydə qarışır. Burada daim nəsə etmək istəyirəm, edirəm də... Təbii, elə məsələlər var ki, onlar məndən asılı deyil, ideyalarım olsa da, həyata keçirə bilmirəm.

– Çıxışlarından görünürdü ki, Vaqif müəllim müdriklik yaşına çatsa da, sizi uşaq kimi sevir...
– Yox, Kəramət, xahiş edirəm belə demə... Demə ki, Vaqifin yaşı çoxuydu. Axı çox deyildi.

– Sizin üçün həmişə uşaq idimi?
– Bizim münasibətlərimiz elə bir həddə çatmışdı, elə bir mərtəbəyə qalxmışdı ki, o, hərdən mənə "mama" deyirdi. Ana da yox, mama deyə müraciət edirdi. Təzə evlənəndə fikirləşdim ki, bu, nə deməkdir? Görəsən, niyə Vaqif mənə anası kimi baxır? Əvvəllər bu hissi anlamırdım. Qayıdıb Vaqifə dedim ki, bilirsən, mən hardasa oxumuşam ki, həyat yoldaşına mama demək düzgün deyil. Mama budur, budur... Vaqif hirsləndi. O kitabı yazanı söydü. Mənə dedi ki, Nüşabə, sən başa düşmürsən, sevdiyin qadına mama demək ən yüksək münasibətdir, buradan o yana heç nə insan ağlına gələ bilməz...

– Mama sözünə görə əsəbləşirdiniz?
– Yox, mən heç ona hirslənərdim? Həyatımda yeganə insan idi ki, mən Vaqifə əsəbiləşə bilmirdim. Fikirləşirdim ki, onu mən də anlamsam, bəs kim anlayacaq? Mən də ondan üzümü çöndərsəm, onda bu nə həyatdır?

– Bir sözü vardı. Deyirdi ki, vətən uğrunda ölənlərin qarşısında baş əyirəm, qadın uğrunda ölənlərin qabağında diz çökürəm.
– Kəramət, ana nədir? Ən çətin məqamda sənin arxanda duran, səni qoruyan... Dərindən fikirləşəndən sonra Vaqifi başa düşdüm. Onun mənə sevgisi yavaş-yavaş sanki ilahi bir yüksəkliyə qalxırdı. Mən bunu hiss etdim.

– Heç Vaqif müəllimi qısqanırdınız?
– Hə, qısqanmışam. Yalan niyə deyim ki... (gülür) Qısqanclıq yaşla bağlı bir hiss deyil. Qısqanırdım, amma bəzən özümü elə aparırdım ki, guya qısqanmıram. Vaqif başa düşürdü. Təəccüblə deyirdi ki, sən məni qısqanırsan? Qayıdırdım ki, əlbəttə...

– Xanım dostları çox idi...
– Küçədə ona dikilmiş baxışları görürdüm, səfərlərdə ona olan marağı görürdüm. Bu, mənim üçün təbii bir şey idi...



– Bu baxışlar, maraqlar xanım kimi sizə necə təsir edirdi?
– Təbii, Vaqifin xanımı kimi bəzən o baxışlar məni qıcıqlandırırdı. Amma mən də Vaqifə çox arxayın idim. Vaqif elə bir insan idi ki, deyirdi, Nüşabə, sən sənsən... Başqa söhbət ola bilməz. Bu sözdən sonra ifrat qısqanclığıma görə məni elə utandırardı ki, adam yerində qalardı.

Qısqanclığımı çox vaxt büruzə vermirdim. Amma o, məni hiss edirdi. Bir az halım dəyişən kimi gəlib soruşurdu ki, sənə nə olub? Bizim ailə elə qurulmuşdu ki, həmişə bir-birimizə can deyib, can eşidirdik. Evdə mütləq mənim üzüm gülməli idi.
Təbii, qanımız da qaralırdı, amma heç vaxt dərin kökü olmurdu.

Yadıma gəlir, Vaqifin kabinetinə yaxınlaşırdım, görürdüm ki, nə isə yazır. Birdən hiss edirdi ki, mən arxada dayanmışam. Çönüb deyirdi ki, hə, məni qısqanırsan? Deyirdim, sən yazı yazırsan, mən səni niyə qısqanmalıyam? Üstündən bir az keçirdi, yenə gəlirdim. Deyirdi, nədi yenə? (gülür) Bəli, etiraf edirəm ki, onu qısqanırdım. O da deyirdi ki, yekə qızsan, bu yaşda kişini qısqanarlar? Deyirdim, sən sevin ki, mən səni bu yaşda da qısqanıram.

Mən çox istərdim ki, bu gün gənclər öz xanımlarını, istədiyi qadınları heç olmazsa Vaqifin məni sevdiyinin yarısı qədər sevsinlər.

– Yəni sizin üçün o, ideal idi...
– Yox, mən onu ideallaşdırmaq istəmirəm. Heç özü də bunu arzulamırdı. Amma onun mənə qarşı münasibəti çox yüksəkdə dayanırdı. Həmişə deyirdi ki, ailə münasibətlərində xırdaçılığa getmək olmaz... Adicə xırda bir şey ailənin dağılmasına gətirib çıxara bilər. Hansısa bir nöqtə olmalıdır, sən orada dayanmalısan.

– Ondan incidiyiniz günləri də xatırlayırsınızmı?
– Hə, hərdən inciyirdim də... Mən inciyib sakitcə bir yerdə oturan kimi hiss edirdi. Gəlib deyirdi, Nüşabə, incimisən məndən, niyə küsmüsən? Deyirdim, yox, yox, niyə küsdüyümü deməyəcəyəm... (kədərlənir)

– Nüşabə xanım, ailə qurmamışdan qabaq Vaqif müəllimi tanıyırdınızmı?
– Vallah, ayıb olsa da deyəcəyəm. Yox, tanımırdım.

– Şair kimi də tanımırdınız, şeilərinini oxumurdunuz?
– Yox... Heç bir şeirini də oxumamışdım.

– Heç Səməd Vurğunun oğlu kimi də tanımırdınız?
– Vallah, utanıram deməyə, amma doğrudan heç Səməd Vurğunu da tanımırdım.

– Ancaq ailə qurandan sonra bildiniz ki, həyat yoldaşınız Vaqif Səmədoğludur...
– Təbii ki, ailə qurmamışdan qabaq bizim söhbətlərimiz oldu, bir-birimizi tanıdıq. Mən hər şeyi bildim, anladım ki, Vaqif Səmədoğlu ilə ailə qururam. Amma səmimi deyirəm, əsl Vaqifi ailə qurandan sonra tanıdım, onun bütün mahiyyətilə, varlığıyla, şəxsiyyətiylə evlənəndən sonra tanış oldum.

– Bəs onu tanımırdınızsa, Səməd Vurğunun oğlu olduğunu bilmirdinizsə, Vaqif müəllim sizi nə ilə cəlb etdi? Neylədi ki, ona vuruldunuz?
– Vaqifdə güclü yumor hissi vardı. Qadın belə şeyə biganə qala bilməz. Vaqif ilk dəfə danışanda məni o qədər güldürdü, hələ də xatırlayıram. Səhərə kimi Vaqifin sözlərini yadıma salıb gülürdüm. Vaqif mənə çox maraqlı insan təsiri bağışladı, qeyri-adi idi, hamıya oxşamırdı. Bu cəhətləri məni cəlb etdi və mən bu şeylərə görə Vaqifə vuruldum.



– Evdə Vaqif müəllimin geyim-keçiminə xüsusi diqqət yetirirdinizmi?
– Əlbəttə, kim istəməz ki...

– Saçını da darayırdınızmı?
– Saçını daramışam, qalstukunu da bağlamışam... Vaqif həmişə mənim diqqət mərkəzimdə olub.

– Bəs onda xoşunuza gəlməyən hansı xüsusiyyətlər vardı ki, buna görə Vaqif müəllimi danlayırdınız...
– Yox, Vaqifi tənqid etmək, danlamaq olmazdı.

– Niyə?
– Belə şeyləri sevmirdi, hirslənə bilərdi...

– Hansısa bir məsələdə sizdən məsləhət alardımı?
– Əvvəl-əvvəl yox, amma sonralar harasa gedirdisə, mənə deyirdi. Desəydim, hə, get... Deyirdi, niyə gedim? Desəydim, getmə. Soruşacaqdı ki, niyə getməyim? Desəydim, özün bil. Qayıdırdı ki, mənə qarşı niyə belə etinasızsan, niyə belə laqeydsən? (gülür)

– Yaman "kaprizni" insanmış...
– Hə, bilmirdim nə deyəm. Axırda dillənirdim ki, yaxşı olar belə edəsən, amma özün bax... Bütün hallarda Vaqifə nəyisə diktə eləmək olmazdı. Onun bir fikri vardı. Deyirdi, mən uşaq olanda istəyirdim tez qocalım, heç kəs mənə deməsin onu et, bunu etmə...

– Nüşabə xanım, Vaqif müəllim dünyasını dəyişən gün, hələ dəfn olunmamış onu mətbuatda tənqid etdilər. Özü də tənqid edənlər yazarlar idi. Bunlardan xəbəriniz oldumu?
– Hamsını bilmirəm, amma bir-ikisini eşitmişəm.

– O tənqidlərə sizin münasibətiniz necə oldu?
– Vaqifi istər tənqid etsinlər, istər tərif etsinlər, artıq o, öz sözünü demiş bir insandır. Tənqid edənlər öz tənqidləri ilə gündəmə gəlmək istəyən adamlardır. Bilmirəm kimlərdir, ancaq onlar Vaqifin əlinə su tökməyə yaramırlar. Vaqiflə gündəmə gəlmək istəyirlər. Vaqif bir insan kimi də, şair kimi də çox yüksəkdə dayanır. Həyatdan köçəndən sonra nəyə lazımdrı onun haqqında yersiz ifadələr işlətmək? Görünür, ortada mədəniyyət məsələsi var...

– Yenə həmin evdə yaşayırsınız?
– Bəli... Vaqifin otağı necə vardı, elə də durur...

– Heç evdə öz əliylə qoyduğu əşya varmı ki, hələ də toxunmursunuz?
– Eynəyini və "kruşkası"nı özü hara qoyub, eləcə də durur. Vaqif öləndən əl dəyməmişəm. (kövrəlir)

– Ondan ötrü bərk darıxanda qoxusunu ən çox nədən alırsınız?
– Araxçınından alıram...

– Ömrünün sonlarına yaxın sizə nə danışırdı, ən çox nə barədə söhbət edirdi?
– Kəramət, o xəstə olanda biz həyatı adicə öz axarı ilə yaşayırdıq. Qəti bir-birimizə hiss etdirmirdik ki, ömür qurtarır, həyat başa çatır... Sanki heç nə olmamışdı. Ona xəstə olduğu üçün hansısa xüsusi münasibət göstərilmirdi. Kafedə otururduq, restorana gedirdik... Tez-tez siqaret çəkirdi. Hansı ki, ona siqaret qəti olmazdı. Bəzən həyatda möcüzə baş verir. Mən o möcüzəni gözləyirdim ki, Vaqif sağalacaq. Amma gözlədiyim möcüzə baş vermədi. Hər halda ömrü bir qədər uzandı...

– Sağalacağına sona qədər ümidi vardımı?
– Yox, noyabrın sonları İsrailə getdik, dekabrda qayıtdıq. Artıq bu səfərdə son ümidi də qırıldı. Mən otaqda olmayanda həkim ona bioloji tədavini təklif etmişdi. Ancaq bu yolla cəmi on faiz ömrü uzana bilərdi. Vaqif əsəbiləşib həkimə demişdi ki, mən sizin üçün dovşan-zad deyiləm ki, üzərimdə təcrübə aparasınız... Mən də çalışdım, onu razı salım. Amma dedi ki, Nüşabə, bu barədə mənə heç nə demə, yoxsa hirslənəcəyəm...

– Son anda yanında kim vardı?
– Qızları gəlmişdi. Yusif müəllimin qızı yoldaşı ilə gəlmişdi. Mirvari idi. Nigarı çağırmışdı. O da gəldi. Vaqif deyəndə ki, yatmaq istəyirəm, qızları otaqdan çıxdı, yanında təkcə mən qaldım. Gözlərini də mən bağladım. (ağlayır)

– Nəsə demək istədimi?
– Heç nə... Əlimdən öpmək istədi, gücü çatmadı, əli düşdü yerə...

– Nüşabə xanım, Vaqif Səmədoğlu ilə keçən ömrünüzdə kədərli şeylər çoxdur, yoxsa gözəl günlər?
– Onu xatırlayanda xəstəliyi dövrü daha çox yadıma düşür. Vaqifin xəstəliyi bizi bir-birimizə daha da yaxınlaşdırdı. Bu, çox qəribə bir hissdir, bunu izah esib sözə çevirə bilmirəm. Elə bil "xərçəng" bizi daha da doğmalaşdırdı.

– Heç Vaqif müəllimə içmə deyirdinizmi?
– Düzü, biz evlənəndən sonra o, demək olar ki, nadir hallarda içirdi. Amma içdiyi vaxtlar da olurdu. İnsandır, mən hər şeyi başa düşürdüm. Həkim ona demişdi ki, siqaret olmaz... Mən də tez-tez deyirdim çəkməsin siqaret. Deyirdi, mümkün deyil, mən siqaretsiz durmayacağam. Bir dəfə dedi ki, Nuşabə, sən başa düşürsən, mən onsuz da əziyyət çəkirəm, bilirəm olmaz, amma mən əziyyət çəkirəm, siqaret yox...

– Vaqif müəllimin ictimai məsələlərdə mövqeyi hər kəsə aydın idi. Ancaq onun səmimi olub-olmamasını siz hamıdan yaxşı bilərsiniz...
– İnsana evindən yaxın heç bir yer ola bilməz ki... O, ictimai fikirdə bir cür, evdə başqa cür danışmırdı. Çöldə ictimai-siyasi mövqeyi nə idisə, evdə də o cür idi.

– Məzarını tez-tez ziyarət edirsiniz?
– Bəli, tez-tez baş çəkirəm. Amma xəstələndim deyə ilində gedə bilmədim.

– Məzarının indiki kimi olmağı öz arzusu idimi?
– Vallah, bu barədə heç vaxt danışmamışdıq. Heç dilimə də gəlməzdi sağlığında bu məsələ haqqında danışmaq. Bilirsən ki, onun məzarının üstünə ayaqqabı qoymaqla bağlı bir şeiri vardı. Dəfn olunan gün Lamiyə Mərdan adlı oxucusu bunu etdi. Heyf ki, hələ o qızla tanış ola bilməmişəm. Qazaxdan Sərxan adında bir oğlan vardı. Sonra o da getdi, gəlmədi.

Mən muzeyə təzə işə gəlmişdim. Dedilər ki, Sərxan səni axtarır. O, mənə çox təsirli bir söz dedi. Vaqifin bir misrası vardı ki, mən dünyadan köçəndə bir bayraq da enməyəcək. Sərxan deyir, evdə bir bayrağım vardı, Vaqif müəllim dünyasını dəyişəndə o bayrağı aşağı endirdim. Vaqifin şeirlərində dediyi fikirləri Lamiyə, Sərxan və başqa neçə-neçə oxucuları həyata keçirdi... Şairə bundan böyük hörmət, sevgi ola bilərmi? Bəlkə mən düz demirəm?

– Ağır xəstə olduğu vaxtda o, qurultaya gəldi, yubileyində iştirak etdi... Bu şeylərə onun həvəsi vardı, yoxsa məcburiyyətdən edirdi?
– O, qurultaya dostu Anarı müdafiə eləməyə getmişdi. Yazıçılar Birliyinə ata ocağı deyirdi. Cavanların Vaqifə olan məhəbbəti məni çox fərəhləndirir... Mənim qabaq çox yaxşı nitqim vardı. Vaqif müəllim dünyasını dəyişəndən sonra nitqim qarışdı, aydın danışa bilmirəm. Vaqifin sevdiyi musiqilərə qulaq asıram.

Varlıqdır, bilirsən ki, var. Amma insanın yoxluğu dəhşətdir. (kövrəlir) Yoxluğun hissi sən demə, varlıqdan daha güclü imiş. Bunu izah etmək olmur, əlim də heç yana çatmır...


Müsahibə boyu bir neçə dəfə kövrələn Nüşabə xanım sonda göz yaşlarını saxlaya bilmədi. Əlləri ilə üzünü tutub ağlaya-ağlaya dedi: "Kəramət, sözümü anlada bilirəmmi?.."

Fotoqraf şəkillərimizi çəkmək istəyəndə Nüşabə xanım dilləndi: "Yox, yox, qurban olum, çəkmə..."

Təxminən, 2 il əvvəl Vaqif Səmədoğlu ilə öz evlərində söhbətimiz yadıma düşdü, o da eynilə fotoqrafa beləcə demişdi: "Yox, yox, şəklimi çəkmə... Qoy qızlar elə bilsin hələ də yaraşıqlıyam..."

Kəramət Böyükçöl
AzNews.az