Nigar Köçərliyə qarşı xuliqanlıq: “Polis rəisi məni təhqir etdi və hədələdi”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Musa Musayev tərəfindən təhqir olunub, hədə-qorxuya məruz qalıb.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı sahibkar özünün Facebook hesabında yazıb. Onun sözlərinə görə idarəyə 2015-ci ilin sentyabrında "Əli və Nino" ofisindən oğurlanan 13.216 manatla bağlı açılan işə görə çağırılıb. İdarədə isə ona qarşı tərbiyəsizlik edilib. Məsələ ilə bağlı N.Köçərlinin statusunu olduğu kimi təqdim edirik:

"2015-ci il sentyabrın 26-da "Əli və Nino"nun "Qanun" nəşrlər evində yerləşən ofisində oğurluq hadisəsi baş vermişdi. Naməlum şəxslər əməkdaşların əmək haqqı və nəşriyyatlara olan borcun yerləşdiyi seyfi (13216AZN) oğurlamışdılar. Bu, bizim üçün böyük məbləğdir və onun itməsi mənim üçün həm maddi, həm də mənəvi cəhətdən ağır zərbə oldu (Axı aydındır ki, cinayətkar seyfdə böyük miqdarda nağd pulun olmasından xəbərdar olub).

Mən dərhal hadisə yerinə polis çağırdım, cinayət işi başladıldı. Lakin sonradan hər şey sakitləşdi. 5 ay ərzində mən dəfələrlə Nəsimi Rayon Polis İdarəsinə sorğuyla müraciət etmişəm. Lakin idarənin rəis müavini Nadir Aslanov və cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə ilk vaxtlar cavab verməkdən yayınırdılar. Sonra isə onlar açıq şəkildə mənə bildirdilər ki, bizim sizə vaxtımız yoxdur, bu iş bizə maraqlı deyil.
Bundan sonra mən məcburən Nəsimi rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə, Prezident Aparatına yazmalı oldum. Mən bu işdə mütəxəssis deyiləm. Lakin hətta mənə də aydındır ki, heç bir iş aparılmayıb. Yeri gəlmişkən, bu günlərdə Baş Prokurorluqdan mənim şikayətimə cavab gəlib - hadisə yerində tapılan barmaq izlərinə əsasən cinayətkarın kimliyini müəyyən etmək mümkün olmayıb, odur ki, iş dayandırılıb. Əlbəttə, cinayətkarı müəyyən edə bilməyəcəklər, axı heç kim şübhəlilərdən barmaq izi götürməyib!

Dünən məni Nəsimi rayon polis idarəsinə çağırdılar (bu zaman məndən niyə Prezident Aparatına şikayət etdiyimi soruşdular. Axı orada cinayət işinin araşdırılması ilə məşğul olmurlar). Öncə mən getmək istəmədim. Axı mən niyə görə şikayət etdiyim insanlarla görüşməliyəm? Lakin sonra düşündüm ki, getmək lazımdır. Bəlkə işlə bağlı hansısa detallar aşkarlanıb. Bu gün 11:15-də görüşə gəldim. Mənə dedilər ki, mənimlə idarənin rəisi, polis polkovniki Musa Musayev görüşmək istəyir. Düşündüm ki, əladır. Axı mən şikayətləri yazana qədər israrla onunla görüşməyə çalışırdım. Kabinetdə idarə rəisindən başqa idarənin rəis müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev də var idi. Sonra isə cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadəni də çağırdılar.

Bundan sonra dəhşətli bir şey baş verdi. İdarə rəisi Musa Musayev kobud tərzdə məndən soruşdu ki, niyə onlardan şikayət etmişəm. Mənə xas olan nəzakətli tərzdə izah etdim ki, mənim başqa yolum yox idi. Buna cavab olaraq Musa Musayev üstümə qışqırmağa və məni təhqir etməyə başladı. Mən onun qışqırıq və söyüşlərindən şoka düşmüş halda otaqdan çıxmaq üçün ayağa qalxdım. Çıxışıma mane olaraq yolumu kəsdilər. Musa Musayev dəhşətli sözlərlə təhqir edərək və hədələyərək məni kabinetə qaytarmağa çalışdı. Çətinliklə idarədən çıxa bildim.

15 ildən artıqdır ki, mən kitab fəaliyyətilə məşğul oluram, ölkədə təhsili və oxumağı təbliğ edirəm. 7 il əvvəl mən ölkədə ən böyük ədəbi layihə olan Milli kitab mükafatını təsis etdim. Bütün 15 illik fəaliyyətim ərzində mən ölkəmin layiqli vətəndaşı olmağa çalışıram: müntəzəm olaraq vergi ödəyirəm, ictimai və sosial fəaliyyətdə iştirak edirəm. Baş verənlər məni sadəcə bir vətəndaş kimi şoka salmadı. Başa düşürsünüz, bu, sadəcə, nəsə inanılmaz dərəcədə dəhşətli bir hadisədir - mənim beynimə sığmayan bir hadisə. Məni - nəşriyyatçını, namuslu insanı qarət edirlər. Mən kömək üçün polisə müraciət edirəm, əvəzində isə məni təhqir edirlər, qorxudurlar və incidirlər!"