Azərbaycanda becərilən buğda sortları açıqlandı

Yumşaq və bərk buğda bitkisi dənli taxıl bitkiləri arasında respublikamızda becərilən ənənəvi kənd təsərrüfatı bitkilərindən hesab olunur.


AzNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2015-ci ildə respublikaya 296831,8 min ABŞ dolları dəyərində 1,3 mln ton buğda idxal olunub. Yerli məhsul isə iri tədarükçülər tərəfindən alınmadığından bir çox hallarda ərzaq buğdası yem kimi istifadə olunur.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Respublikanın bölgələrində torpaq-iqlim şəraitinə uyğun rolaraq buğda sortları becərilir ki, bu sortların da məhsulu yüksək çörəkbişirmə keyfiyyətlərinə malikdirlər. Həmin sortlar arasında qiymətli bərk buğda sortları da mövcuddur. Hazırda bərk buğda sortlarından Mirbəşir-50, Qaraqılçıq 2, Tərtər, Vüqar, Şiraslan 23, Tərtər 2, Yaqut, Bərəkətli 95, Turan, Əlincə 84, Qarabağ respublikanın müxtəlif ərazilərində əkilib-becərilir. Makaron sənayesi ilə yanaşı, bərk buğdalar çörək bişirilmədə də xüsusi əhəmiyyətə malikdir. Buğdanın seleksiyasında əsas məqsədlərdən biri onun çörək bişirmə keyfiyyətinin yüksəldilməsidir. Yumşaq buğda unundan çörək bişirmədə, bərk buğda unundan isə isə makaron istehsalında istifadə olunur. Bununla yanaşı, bərk buğda unundan 20-30 % yumşaq buğda ununa qatmaqla çörək çıxımı, çörəyin ətiri və dadı daha da yaxşılaşır.