Aida Eyvazlı Aida Eyvazlı

Yadıma bir bir düşər, anamın dedikləri...

Aida Eyvazlı


Mən bu il 8 mart və Bahar təbriklərinə qoşulmadım. Çünki həmin günü anamdan ayrılmağımın düz 1 ili tamam oldu.

Şirvanın gədikləri,
Almadır yedikləri.
Yadıma bir-bir düşür,
Anamın dedikləri.

Ay ana... Ölümündən 1 həftə əvvəl, fevralın 27-si idi, evə gəldim, dedin gəl otur sözüm var sənə. Heç xəstəyə oxşamırdın. Elə bil sağalmışdn. Dedim, mama, Dilarəgilə tələsirəm, yaxşı deyil, həmişə o bizə gəlib. İndi əmanət çatdırmalıyam. Sözümə yalançı çıxmayım. Axşam saat 11-də qayıdıb gələndə gördüm ki, yatmısan, özlüyümdə küsdüm səndən ki, buna bax, yenə inciyib yatdı. Oyatmağa ürəyim gəlmədi.

Sonra bir həftə ərzində səninlə oturub söhbət etməyə vaxt tapmadım ki... İndi elə çox vaxtım olur ki, səni axtarıram söhbət etməyə, amma çifayda... Martın 6-sı bütün gecəni yanında oturdum əllərini öpüb, başını tumarladım. Daha divana uzanıqlı yata bilmirdin. Oturdun. Gözlərin yumdun , havada bir az soyuqluq var idi. Mən də sənə qısıldım. Donmuş ayaqlarımı sənin ayaqlarının yanına qoyub istdim. Ayaqlarım isindi. Lap uşaq vaxtımda olduğum kimi. Yadındadır, 6-ci sinfi bitirənə kimi səninlə eyni çarpayıda yatardım. Həmin gecə sən hərdən mürgüləsən də, mən keşiyini çəkdim. Biz xəstələnəndə sən bizim keşiyimizi çəkdiyin kimi. Gah su verirdim, gah yerini rahatladım. Həkim bizi inandırmışdı ki, yenə vəziyyətdən çıxacaqsan. Əslində, həkimə çox inanmışdıq. Savadsızlığındanmı, gənc olduğundanmı, bilmirəm, demədi ki, son günlərin, son saatlarındır. Martın 7-nə keçdi. Gecə, sənə baxıb, bu şeri yazdım:

Anamın əlinin istisi gedir,
Gedir əllərimdən... Anam yol üstə...
Karvanı ağrıdır, ağırdır yükü,
Ağrısı yüklənib köksünün üstə...
Anam yol üstədir, anam yol üstə...
Keşiyin çəkirəm, nazın çəkirəm,
Əlin tumarlayıb, üzün öpürəm,
Ağrısını çəkə bilmirəm ,neylim?!
Nə qədər "Ay Allah kömək ol" deyim?!
Anam yol üstədir, anam yol üstə…
Ağrısı yüklənib köksümün üstə…

Səhər tezdən Yeganə Tağıyeva zəng vurdu. FB səhifəsində paylaşdığım bu şeiri oxuyub, narahat olmuşdu. Mənə elə təsəlli verdi ki, inandırdı ki, anam sağalacaq.

Sonra qonşuların gəldi. Dedim ki, indi anam yaxşı deyil, yataqdadır. Sağalandan sonra gələrdiniz də... 10 nəfər qədər qadın gəlib anamın əlini, üzünü öpdülətr. Onların gəlişinə sevindi.

Atam da belə köçmüşdü dünyadan. 2005-ci ildə sentyabr ayının 28-də evdən Şamaxıya getmək üçün çıxanda, anama demişdi ki, bəlkə gəlməsəm, özündən muğayat ol. Orucluq bayramı qabağı olduğundan 40 kiloya qədər də pay-pürüş götürüb kəndimiz Xeybəriyə yol tutmuşdu. Həm də atamgilin kənddəki divar qonşuluğunda yaşayan Vəlcan əminin qızı gəlin köçəcəkdi. Vəlcan əmi ilə böyük əmim Səfəralı 1983-cü ildə ikisi də eyni gündə dünuyasını dəyişmişdilər. Özləri də çox yaxın dost idilər. Və atam o dostluğun nişanələri olan uşaqları həmişə qoruyurdu, qayğılarını çəkirdi. 30 sentyabrda isə Vəlcan müəllimin qızınına böyük kimi xeyur duanı atam verməliydi. Nə vaxt kəndə getsə, kənddəki kasıb, xəstə, kimsəsiz adamların payını aparırdı. Sumqayıtdan Şamaxıya çatandan sonra , orada yaşayan kiçik əmim Nizami ilə görüşür. Əmim onu görüb sevinərək deyir ki, "Ay qardaş , nə yaxşı gəlmisən. Sevindim.". Atan bədhadətən qayıdıb cavab verir ki: "Ölməyə gəlmişəm!". Və əmimi incitdiyini hiss edib, dərhal könlünü alır. 1 saatdan sonra qonşuluqda yaşayan bibimin evinə gedir. Orada bir neçə rükət namaz qılır. (Atam indiki qondarma namazlardan qılmırdı, dədə-baba yolu ilə 5 rükət müsəlman namazı qılardı.) Namaza da 10-15 il bundan əvvəl başlamışdı. Çünki gözünü açandan ata-babasını, nənələrini namaz qılıb, oruc tutan görmüşdü. Kənddəki evimizin comaxudanında (comaxudan divarın içərisində olur, yeşik kimi) həmişə qədim kitablar olardı , ərəf əlifbası ilə yazılan. Comaxudanın əl tikmələri ilə bəzədilmiş pərdələrini qaldırıb, maraqla o kitablara o qədər baxmışam ki... İnsan kim olur olsun, bir gün dədə-baba yoluna qayıdır. Kök-nəsil, qan məsələsi var. ... Hə... Namazını qılandan sonra deyir ki, yerdən yerimi salın, mən Allahıma qovuşuram. Hamı məəttəl qalır, əl-ayağa düşürlər. Görürlər ki, yox, atam inad edir... Yenə son nəfəsə qədər özü Yasin oxuyur, Qurandan öyrəndiyi ayələri pıçıldayır. Həkim çağırırlar, əmim qolundan tutub təcili yardım maşınına mindirəndə, dönüb arxaya baxır, elə bil kiminləsə danışır gülə-gülə deyir ki, gəlirəm. Həkimlər atamı müayinədən keçirib deyirlər ki, atam üçüncü infarktını keçirib. Beləcə atam da quş kimi uçub gedir elimizdən. Amma əvvəlcədən vəsiyyət etmişdi ki, onu anasının ayaqları altında basdırsınlar.

Biz nəsilliklə Allaha, Yaradana, Tanrıya tapınanlardanıq. Dindən fanatlığımız yoxdur. Təbiət hadisələri, pirlər ocaqlara inanırıq. Başımıza qara örtük və ya çarşab örtmərik. Çünki qara rəng qara niyyət gətirər. Deyirlər ki, ölməmişdən əvvəl əməli saleh insanların gözünə Əzrail gözəl donda görünür, o zaman dünyasını dəyişməyə hazırlaşan insan gülür, sevinir. Anamın qonşularını yola salandan sonra, dedi ki, onu dikəldək, oturmaq istəyirdi. Bir azdan yuxuya getdi. Baxdım ki, gözləri yumulu gülür.. Kiməsə "Gəl-gəl" deyirdi. Fikirləşdim ki, yuxu görür.

Başının üstündən çəkilib, beş dəqiqəılik evimə qalxdım. Bir də qızım zəng etdi ki, nənə səni çağırır. 10 saniyə çəkmədi. Qaçıb yanına gəldim. . Qızım dedi ki, "Aidə-Aidə" deyib məni istədi. Mən gələn kimi isə pıçıltılı səslə, çox yavaşcadan "Yasin, yasin" dedi. Zatən səsinin çıxmasına taqəti yox idi. Əvvəlcə qızım başladı oxumağa Yasinini. Elə bu vaxt böyük bibim Mələksüma da gəlib çıxdı. Dərhal əllərindən tutub, anamın əllərini öpdü. Anam həmişə deyirdi ki, öləndə üstümdə Mələksüma ağlasın. Bibim son məqamında anama dayaq oldu. Mən tez anamın baş tərəfinə keçib, Yasini uca səslə oxudum ki, özü eşitsin. Yasinin ortalarına çatanda ürəyimdən bərk ağrı tutdu, baxdım ki, anamın başı sağ tərəfinə sinəsinə endi. Anam canını tapşırdı. Anamın canı canımdan keçdi. Ağrısını belə hiss etdim. Axşamçağı Anam dünyadan getdi. Bibim nalə çəkdi:

Məni bir yağı vurdu,
Dolanıb tağı vurdu.
Günortadan hərləyib,
Bir axşam çağı vurdu.

Üzündə nə bir əzab, nə bir ağrı var idi. Çiçək kimi yanırdı. Elə bil üzünün nuru bir az da çoxalmışdı. Cansız bədənini evinə apardıq. Ölü xəbəri tez yayılar. Səhərə qədər anamın meyidinin yanında uzandım. Qəribə hisslər keçirirdim. Bu qədər qonağın qarşısında anam uzalı qalmışdı. Onu heç kim heç vaxt yatan görməmişdi. Fikirləşirdim ki, Tanrının hökmünə bax. Bizi böyüdən, nazımızı çəkən, dərdimizə şərik olan boydan bəstə, qəlbdən böyük anamıza heç birimiz can verə bilmirik. Dünyanın varı-dövlətini də gətirsən, verib anam üçün can ala bilməyəcəkdik. Bilirdim ki, bir azdan evdə saxlayan deyilik, əslində fikirləşirdim ki, indi anam heç kimə gərək deyil, torpaqdan başqa.

Gəl anam gərəyimsən,
Arzumsan , diləyimsən.
Meydanda tək qalmışam,
Bax indi gərəyimsən.

8 mart... anamı aparib məsciddə yuduq. Övladlarından təkcə mən keçdim yuyat otağına. Deyirlər ki, ananı yuyan övladı savab qazanır. Qollarımı çırmayıb , anamı yudum. Anamı başdan-ayağa qədər öpüşlərə qərq etdim. Vidalaşırdım anamla. Elə gözəl yumşaq əlləri var idi ki. Onu yuyan qadınlar da dedi ki, nə gözəl qadındır. Son borcumu da verdim. Qardaşım da gəlib öpüb vidalaşdı anamla.

Əzizinəm bu yazda,
Bu Bahar, bu ayazda,
Mən anamdan ayrıldım,
8 Martda, bu yazda.

Başsağlığına gəlib gedən dost-tanış, qohum əqraba qapımızda oturan bir pişiyin üstündən adlayıb keçirdilər. Üç gün o pişik, anamın qapısında oturdu. Nə verdiksə, yemədi. Qapıdan tərpənmədi. Anamı gözləyirdi. Bir pişiyin etibarı görənləri təəccübləndirirdi. Anamın üçüncü cümə axşamı bibim qızı dedi ki, Roza dayı dostu yuxuma gəlmişdi. Əlində iki bükülü verdi, dedi ki, get götür, qırxımı bu pulnan ver. Bacımla evi axtardılar. Eyvanda gizlin sağxlanc yerindən iki bükülüdə 2000 manata qədər pul gizlətmişdi. Anam heç vaxt övladlarına əziyyət vermirdi. Bir də görərdin utana-utana ürəyindən keçən nəyi isə istəyir. Hirslənirdim, dalaşırdım ki, ay ana, sən niyə hökm edib demirsən ki, mənə nəyisə gətirin. Görmədik. Evimə gələndə yemək bişirərdi. Mən işdən gəlincə yemək qazanının ağzını açmırdı. Evə gəlib dəlilənirdim ki, ay ana, belə etmə... Neynədimsə, bu xasiyyətindən əl çəkmədi. Ölümündən bir həftə qabaq dovğa bişirib qoydum qarşısına, gözləri dola-dola dedi ki, Aydə, sənin dovğandan başqa yalandır. Dedim daha gözlərin niyə dolur ki... Dedi ölmək istmirəm. Dedim ay ana, dünyanı tutub getməyəcəksən ki... Dedi Sizdən doymamışam. Ləmanın toyunu görmək istəyirəm... Dedim "ay mama, vallah nə qədər gücümüz var səni yaşadacağıq".

Bu bayram günlərində anamın il mərasimini vermək üçün məhəlləyə yığışmışdıq. Qonşumuz Güllü xala dedi ki, nəvəm deyir ki, ay nənə, Roza nənə yaxşı nənə idi. Onun yanına gedəndə adama konfet verirdi. Heç o biri qonşularımız elə eləmirlər. Bu da bir körpə uşağın anamdan qalan xatirəsi. Anam ömrünü belə yaşadı.