Dövlət investisiyalarının icrasına nəzarət mexanizmi gücləndirilir - ŞƏRH

Nazirlər Kabinetinin qərarı ilə Dövlət İnvestisiya Proqramına daxil edilən layihələrin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları təsdiqlənib. Qaydaların əsas məqsədi dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, hesabatlılığın artırılması və idarəetmədə şəffaflığın təmin olunmasıdır. Yeni sistemə əsasən, layihələrin icrasına dair hesabatlılıq və onların yerində monitorinqi İqtisadiyyat Nazirliyinin səlahiyyətində olacaq. Eyni zamanda, Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq və bu platforma monitorinq fəaliyyətlərinin əsas bazasını təşkil edəcək.

Təsdiq edilmiş Qaydalar dövlət investisiya layihələrinin idarə olunması prosesində sistemli yanaşmanın tətbiqinə imkan yaradır. Bu yanaşma planlaşdırma, icra və hesabat mərhələlərini əhatə etməklə, həm maliyyə intizamının təmin olunmasına, həm də layihələrin nəticəyönümlü şəkildə dəyərləndirilməsinə şərait yaradacaq. İnformasiya sisteminin qurulması, texnoloji inteqrasiya və real vaxt rejimində məlumatların izlənməsi imkanlarını artırmaqla yanaşı, qərarvermə mexanizmlərinin daha əsaslandırılmış və sürətli işləməsinə zəmin yaradacaq. Praktik təcrübə göstərir ki, dövlət investisiyalarında şəffaflıq və davamlı monitorinq mexanizmləri tətbiq edildikdə, layihələrin tamamlanma müddəti və nəticələrin effektivliyi də əhəmiyyətli dərəcədə artır.

Digər tərəfdən, Qaydaların tətbiqi dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və məlumat mübadiləsinin sürətləndirilməsi baxımından da mühüm rol oynayacaq. Əgər layihələrin yerində monitorinqi və hesabatlılığı effektiv həyata keçirilərsə, bu həm dövlət büdcəsi xərclərinin azaldılmasına, həm də vətəndaşların sosial rifahını artıracaq infrastruktur layihələrinin vaxtında və keyfiyyətli şəkildə başa çatdırılmasına birbaşa təsir edəcək. İqtisadiyyat Nazirliyinin bu prosesi mərkəzləşdirilmiş şəkildə idarə etməsi isə layihə portfelinin kompleks qiymətləndirilməsinə və resursların daha optimal bölgüsünə imkan verəcək.

Bu qərar, həmçinin, orta və uzunmüddətli dövrdə dövlət investisiya siyasətinin dayanıqlılığını və nəticəliliyini təmin etmək üçün institusional islahatların davam etdirildiyini göstərir. Qaydaların tətbiqi, eyni zamanda, Azərbaycan iqtisadiyyatında planlı və nəticəyönümlü investisiya mühitinin gücləndirilməsi baxımından vacib bir mərhələ kimi dəyərləndirilə bilər.

Nuray,

Aznews.az