Bakıda "Dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək - ŞƏRH

Bakıda keçiriləcək 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025” regionun nəqliyyat və logistika sektoruna dair ən aktual məsələlərin müzakirə ediləcəyi mühüm platforma olacaq. Forumun əsas diqqət nöqtəsi beynəlxalq nəqliyyat dəhlizlərinin hazırkı vəziyyəti, bu dəhlizlərin transformasiyası və onların rəqabətqabiliyyətinin artırılmasına yönələcək. Xüsusilə Azərbaycanın bu sahədə artan rolu və logistika qovşağına çevrilmək istiqamətində atdığı addımlar forum çərçivəsində geniş müzakirə mövzusu kimi təqdim olunacaq. Əvvəlcədən planlaşdırılmış B2B uyğunlaşma görüşlərinin rəsmi proqramda yer alması tədbirin praktiki nəticələrə yönəlməsini təmin edəcək və regional əməkdaşlıqda konkret mexanizmlərin formalaşmasına şərait yaradacaq.

Aznews.az şərh edir ki, Azərbaycanın Asiya və Avropa arasında körpü rolunu oynadığı bir dövrdə belə beynəlxalq forumların paytaxt Bakıda keçirilməsi ölkənin geostrateji mövqeyinin təsdiqi ilə yanaşı, logistika sahəsində cəlbediciliyinin artdığını da nümayiş etdirir. Bu baxımdan, tədbir iştirakçı ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi və nəqliyyat sahəsində koordinasiyanın inkişafı üçün faydalı imkan yaradacaq. Forum çərçivəsində limanların inkişafı, rəqəmsallaşma və xidmət keyfiyyətinin artırılması kimi məsələlərin qabardılması, regional daşımaların dayanıqlı və səmərəli modelə əsaslanaraq inkişaf etdirilməsinə stimul verə bilər. Xəzər və Qara dənizlərində bərə xidmətlərinin genişləndirilməsi, yeni marşrutların yaradılması və müasir donanma ilə bu sahədə daşımaların optimallaşdırılması, regionun tranzit imkanlarını artırmaqla yanaşı, logistika zəncirinin çevikliyini də gücləndirə bilər.

Forumun nəticələri, Azərbaycanın nəqliyyat sahəsində aparıcı rolunu möhkəmləndirməsi ilə yanaşı, tranzit ölkəsi olaraq etibarlı tərəfdaş imicini daha da gücləndirə bilər. Bu isə, regional rəqabətdə üstünlük qazanmaq və yeni bazarlara çıxış baxımından əhəmiyyətli strateji üstünlüklər vəd edir.

Nuray,

Aznews.az