Əsgər: “Deputatın yanına pul üçün yox, iş üçün getmişdim”

2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirərək, əlil olmuş əsgər Sərxan Tahirzadə deputat Rüfət Quliyevlə bağlı daha bir açıqlama verib.


O, qeyd edib ki, Rüfət Quliyevə müraciət etməkdə məqsədi yalnız iş istəmək olub:

"Vasitəçi də sağ olsun Qənirə Paşayeva idi. Mən Rüfət müəllimlə danışanda bildirdi ki, "Lənkərana gələn kimi səni qəbul edəcəyəm".

Fevral ayının 11-i, ya da 12-si idi, zəng etdilər ki, Rüfət Quliyevin qəbuludur. Getdim. Otaqda məndən başqa 5-6 nəfər seçici öz problemlərini səsləndirirdi. Köməkçisi məni göstərəndə Rüfət müəllim dedi ki, "qoy axıra qalsın". Gözlədim, hamı getdi. Rüfət müəllim stolda oturub çay içirdi və qətiyyən ayağa qalxmadı. Stolun başından "yaxın gəl" deyərək məni yanına çağırdı. Mən divara tərəf oturduğumdan stollara sürtünə-sürtünə yanına getdim. Nəinki qucaqlamaq, heç əlini də uzadıb mənimlə görüşmədi.

Doğrudur, mənə dedi ki, "sən mənim seçicim deyilsən, buna baxmayaraq biz yenə də sənə köməklik edəcəyik". Ayağa qalxıb getmək istəyəndə ilişdim, az qaldı yıxılam. Bu zaman Rüfət soruşdu ki, "sənə kömək edimmi?". Mən də "yox" deyə cavab verdim. Onun mənə köməyi ancaq iş ola bilərdi. Köməkçisi isə qapının ağzında cibindən 200 manat çıxartdı, mənə göstərərək "biri sənin, biri də mənim" dedi".

S.Tahirzadə bildirib ki, deputatın yanına iş üçün gedibmiş:

"Mən onun qapısına pul üçün yox, iş üçün getmişdim. Rüfət müəllim deyir ki, guya deputat Hadi Rəcəbli mənə dükan verib, amma belə şey yoxdur. Mənə hər zaman kömək edən Lənkəran rayonunun icra başçısı Taleh Qaraşov olub. O insan öz telefon nömrəsini də verib ki, nə vaxt köməyə ehtiyacın olsa zəng et. Hər ay da mənim evimə köməklik göndərir.

Mən ondan çox razıyam. Mənə torpaq ayırıb və martın 11-də torpağın sənədlərini mənə təqdim edib. Bildirib ki, tikilməsinə də kömək edəcək.

Deputat Hadi Rəcəbli isə mən Türkiyədə olan vaxtı hər ay 50 manat pul göndərirdi, amma gələndən sonra o yardım dayandı...".

Sərxan Tahirzadə deyib ki, haqqında yazılan son səs-küylü məqalələrdən sonra icra başçısı Taleh Qaraşov artıq ona iş də tapıb və 2-3 günə rayon Mədəniyyət İdarəsindəki həmin işə çıxacağı gözlənilir.

"Deyirlər guya anam işlə təmin olunub. Mənim anam yanımda oturub, atam da 2-ci qrup əlildir. Anam işlə təmin olunsa, bizə baxan olmaz. Bizim işləyənimiz yoxdur".

Qeyd edək ki, deputat Rüfət Quliyev Modern.az-a seçicisi olmadığı halda Sərxanı qəbul etdiyini, ona hər cür dəstək olduğunu və bundan sonra da hər cür köməklik etməyə hazır olduğunu bildirib.

Modern.az