Əhaliyə verilən təhlükəli suyun sirri bilindi - Köhnə borular

Böyük Britaniyanın nüfuzlu “The Daily Mail” nəşri ekspertlərə istinadən Azərbaycanda suyun insan səhhəti üçün təhlükəli olması ilə bağlı sensasion bir məlumatı ölkəmizdə səs-küyə səbəb olub.


Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib. Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı "üçüncü ölkələr" sırasına aid edib. "Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik" deyə, ekspertlər qeyd edib. Bunun ardından "Azərsu" ASC Böyük Britaniya nəşrinin Azərbaycan əhalisinə verilən suyun insan sağlamlığı üçün təhlükəli olması barədə yaydığı xəbərə münasibət bildirib. Açıqlamada qeyd edilib ki, bu xəbərin Azərbaycanla bağlı hissəsi həqiqəti əks etdirmir: "Azərsu" ASC olaraq bəyan edirik ki, bu gün paytaxt Bakının yerləşdiyi Abşeron yarımadası daxil olmaqla, Azərbaycanın əksər bölgələrində əhaliyə verilən içməli su qüvvədə olan standartlara uyğundur".

Biz də bu məsələni araşdırmağa çalışdıq. Paytaxt əhalisi arasında keçirdiyimiz ümumi rəy sorğusundan məlum oldu ki, əhali mənzillərə verilən suyun keyfiyyətindən razı deyil. Bəziləri suyun paslı gəldiyini, bəziləri qaynadarkən dibində çöküntünün çox olduğunu bildirdilər. İçdikləri suda pis qoxunun gəldiyini bildirənlər də oldu. Məlum oldu ki, paytaxt əhalisinin əksəriyyəti içməli suyu mağazalardan və ya su sifarişi ilə məşğul olan şirkətlərdən alır.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri arasında da sorğu keçirdik və insanlar birmənalı olaraq, suyun keyfiyyətindən razı olmadıqlarını bildirdilər. Qeyd etdilər ki, su kranının başına pambıq və ya salfet bağladıqda bir neçə dəqiqəyə onun qaraldığının şahidi olurlar. Bu isə sudakı çirkdən irəli gəlir. Su içərkən mədəsində narahatlıq yaşadığını bildirənlər də oldu.

Böyük Britaniya nəşrinin yazdığı iddialara münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məlumat Azərbaycan əleyhinə dezinformasiya ola bilər: "Mən düşünürəm ki, bu dezinformasiyadır. Çünki belə mövzularda bəzən Azərbaycanın əleyhinə məsələlər qaldırılır və ya pul qazanmaq üçün bu işlər görülür. Yəni burada iqtisadiyyatdan çox siyasətdir, Azərbaycanın əleyhinə olan kompaniyadır, məlumat isə dezinformasiyadır. Çünki 10 gün öncə "Azərsu" bütün qapılarını ictimai təşkilatların üzünə açdı.

Mən və bir neçə nəfər gedib bütün su təmizləyici qurğulara baxdıq, insanların girməsi üçün qadağan olan yerlərə də xüsusi paltarlarla girib baxdıq. Mən Marseldə keçirilən Dünya Su Konqresində iştirak etmişəm. Orada 25 min insan iştirak edirdi. Mən orada xeyli bilgilər əldə etdim və həmin bilgilər əsasında "Azərsu"nun qurğularına baxış keçirdim. Qərara gəldim ki, Bakı şəhərinə verilən su kifayət qədər təmizlənir və müvafiq filtrlərdən keçirilir".

Eyyub Hüseynov suda olan keyfiyyət pozuntularının səbəbini köhnəlmiş su xətlərində olduğunu qeyd etdi: "İstehlakçıların müraciətləri var ki, su təmiz gəlmir, lilli gəlir. Bu o deməkdir ki, infrastruktur köhnəlib, yəni su xətləri qaydasında deyil. Digər tərəfdən əhali su resurslarından düzgün şəkildə istifadə etmir. Boruları əzirlər, deşirlər, mıx vururlar, kənar sular oraya qarışır, israfçılıqla istifadə edirlər. Biz bu yaxınlarda monitorinqlər aparmağa hazırlaşırıq. Həyətlərdə "Azərsu"nun su borularından su çəkib adını "Hacı bulağı", "Şəhid bulağı" qoyurlar və heç bir sayğacdan keçməyən su ilə guya ehsan verirlər. Bu anormal haldır, biz bu kimi halları araşdıracağıq. O cümlədən avtomobil yuma məntəqələrində də sudan israfçılıqla istifadə olunur. Bakıdan 100 kilometr aralıda Sabirabad rayonunda insanlar kanal suyundan içir. Suvarma sularının və bitkilərə vurulan dərmanların qarışdığı təhlükəli sudan içirlər. Bu sular əlbəttə pisdir və onunla diş fırçalamaq da olmaz. Lakin Bakı suyu təmizlənib verilir".

Bakı sakinlərinin içməli suyu mağazalardan almasına gəlincə, E.Hüseynov bildirdi ki, insanlarda krandan gələn suyun istifadəyə yararsız olması ilə bağlı bir düşüncə var və su şirkətləri də bundan istifadə edirlər: "Belə ajiotaj yaradan informasiyaların ortaya çıxmasında su istehsalçılarının rolu böyükdür. İnsanların su haqqında bilgiləri azdır. Su Allahın möcüzəsidir və onun haqqında tam məlumat almaq mümkün də deyil. Suyun tərkibini tam öyrənmək üçün ən aşağısı 300 parametr üzrə araşdırılmalıdır. Yəni bu çox mürəkkəb bir şeydir. Mən bir mütəxəssis olaraq hesab edirəm ki, Azərbaycanda insanların evlərinə gələn su təmizlənmiş şəkildə verilir".



Ekoloq Telman Zeynalov da bildirdi ki, problem kommunikasiya xətlərindədir: "Su boruları 50-60 il bundan əvvəl quraşdırılıb, ondan sonra insanlar əlavə evlər tikib, hər dəfə o borulara müdaxilə olunub. Borular indiyə kimi paslanıb, əzilib və suyun içinə başqa nələrsə qarışıb, verilən su da həmin borularla gəlir. Ancaq siz gedin, su anbarlarına baxın, oradan analiz götürüb araşdırın görün ki, həmin su nə qədər təmizdir. Sadəcə, həmin su köhnə borularla yaşayış binalarına, mənzillərə verilir. O borular da köhnədir. Onları dəyişdirmək lazımdır. Problem yalnız borulardadır. Mən təsdiq edirəm ki, dövlətin apardığı su siyasəti yaxşıdır. Mən özüm də bütün rayonlarda su problemini araşdırıram. Bu regionların inkişaf planı çərçivəsində Dünya Bankının maliyyə dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə həyata keçirilir. Mən suyu analiz eləməmiş içilməsinə icazə vermirəm. Bütün rayonlara suyu analiz edirəm və hansı rayonda keyfiyyəti normal deyilsə onu qadağan edirəm.

Bakı-Qəbələ-Oğuz su xətti çəkilsə də, oradan gələn su Bakı əhalisinin su ilə təminatı üçün yetərli deyil. Bakının əhalisinin suyu ilbəil artır. Onları su ilə təmin etmək lazımdır. Bundan əlavə mağazalar, şirkətlər suyu butulkalara doldurub satırlar. Yəni həm də kommersiya məqsədi ilə istifadə olunur. Mən Bakı-Qəbələ-Oğuz su kəməri çəkiləndə onun əleyhinə çıxdım. Çünki regionda 30-40 artezian quyusu qazıblar, o suları yerdən çıxarırlar, oradakı meşələr isə susuz qalıb quruyacaq. Qaş düzəldən yerdə vurub gözü çıxarırıq. Meşələr qurusa, su qıtlığı yaranacaq. Meşələr yağıntı yaradandır. O meşələr qırılacaqsa, ölkədə quraqlıq olacaq".

Musavat.com