23 illik ayrılığın son günü

Vüqar Tofiqli


1993-cü ilin 23 iyul tarixindən bizi, nə az nə çox, düz 23 il ayırır. 23 ildir ki, ilin bu təqviminə çatanda düşünürük ki, ilahi heç olmasa növbəti ilimizi doğma şəhərimizdə keçirməyə yardım edərdi. İlahidən umub-küssək də, özümüzdə gərək qismətimizin arxasınca qaçaq... Maraqlı məqam bir də ondadır ki, hər il mətbuat gününün sevinicini doyunca hiss etməmiş 23 iyulumuzu qeyd edirik. Etiraf etməliyik ki, bu dəfə hər il olduğu kimi yox, daha ürəkli, qələbəlik hissləriylə keçiririk. 23 illik fasilədən sonra Azərbaycan ordusu nəyə qadir olduğunu isbat etdi. Müharibə dörd gün yox, on gün çəksəydi, indi bəlkə də şəhərimizdəydik. Nə yaxşı ki , dörd gündə düşmənə layiqli cavab verə bildik. Geri çəkilmədik, üstəlik müəyyən ərazilərimizi düşmən qüvvələrindən azad etdik. Ağdam sakinləri aprel döyüşlərində də sınaqdan üz ağ çıxdılar. Başda icra başçısı Raqub Məmmədov olmaqla hamı həmin günlərdə topun-qradın mərmilərinə sinə gələrək, ordumuza dəstək olmaqla düşmənə lazımı cavab verirdi. Bu torpağın yetişdirdiyi qəhrəman zabit və əsgərlərin göstərdiyi şücaəti isə heç nə ilə ölçmək mümkün deyil. Azərbaycan ordusu bununla bizlərə ürəkdən sevinmək hissini yaşatdı...

***

Doğma yerlərimiz, cənnətməkan diyarımız hər gün yada düşür. Xəyalən gündə min dəfə doğma torpaqlara gedib gəlirik. Yolumuz hara düşsə, öz diyarımızın bənzərini axtarırıq... Bu günlərdə Qazaxda olanda da elə bildim Ağdamdayam. İndinin özündə ağ kubikdən evlər tikilir. Kənardan görünən kiçik təpə və dağlara baxanda sanki Xıdırlının Dəlikdaşındasan, Şahbulaqdasan, Fərrux yüksəkliyinə baxırsan. Hələ "Qara qaya"nı demirəm. Şəhər ərazisinə daxil olarkən dərədən keçəndə elə bildim Uzundərədəyəm. İlahi varlıq sanki özü təbiəti belə təkrarlarla yaradıb...

***

23 iyul tarixi hər bir Ağdam sakininin ürəyində qabar atmış yaradır. Əl vurduqca ağrıyır, göynəyir və bizi dözülməz ağrılar çəkməyə sanki məcbur edir... Yəqin ki, biz nəslin alnına qaçqınlıq həyatı yazılıbmış. 23 iyuldan başlanan tarix neçə-neçə ziyalımızın həyatını yarımçıq qoydu. O əzab-əziyyəti onlara yaşatmadı. Bəlkə də dahi Xudu Məmmədov 23 iyuladək yaşasaydı, ürəyi dözməzdi. Amma biz üzümüzə üz tutub yaşayır, ümid edir və inanırıq.

***

23 iyul tarixindən düz 23 il keçir. Nə zaman o zamandır, nədəki insanlar o dövrün insanlarıdır. Sözsüz ki, doğma şəhərimizə qayıtsaqda, keçmiş illərin ab-havasını qaytara bilməyəcəyik. Bu gün 58 rayonda məskunlaşan ağdamlının xarakterini 23 il əvvələ qaytarmaq mümkünsüzdür. Ancaq hamının burnunun ucu göynəyir o torpaqlar üçün... Məndə əminəm və inanıram ki, doğma torpaqlarımıza qayıdacağıq. Son aylar aparılan intensiv danışıqlar məndə qaydışımıza ümidimi artırıb...

***

Bu gün doğulub böyüdüyüm Quzanlı kəndi 23 il ərzində qəsəbəyə çevrilib. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov vaxtıylə istisiylə od yandıran kəndi şəhərə çevirəcəyinə söz verib. Və vədinə əməl edərək ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısıyla son iki ildə bəlkə də on illik layihələri icra edib. Bu gün qəsəbədə şəhər üçün tələb olunan infrastruktur yaradılır. Məşhur "Çay evi"nın yeni görkəmdə inşası diqqəti çəkən ən çəkili layihədir. "Sənaye məhəlləsi"nin salınma layihəsi istiqamətində atılan addımlar da diqqəti çəkir. Bu gün bu işlər Ağdama qayıtmaq üçün atılır, sanki indidən əsas yaradılır. Bu tipli layihələrin icrasının əsas məqsədi insanları o torpağa bağlamaq, qayıdış üçün inamı artırmaqdır.

***

Mən doğma torpaqlara tezliklə qayıdacağımıza, respublikada aparılan quruculuq işlərinin daha intensiv şəklidə Ağdamda və işğal altında olan digər yaşayış məntəqələrində aparacağımıza inanıram. Gəlin, birlikdə niyyətimizə doğru addım atmaqdan çəkinməyək.