“Azərcell” və “Bakcell” məhkəməyə verilir - FOTO

Yasamal rayon Şıxəli Qurbanov küşəsi 17 saylı binanın 1 saylı mənzilində yaşayan Samirə Mirzəyeva "Azərcell telekom" və "Bakcell"i vətəndaşın icazəsi olmadan mobil-antenn ötürücüsü yerləşdirməkdə ittiham edib.

S.Mirzəyevanın sözlərinə görə, hər iki şirkət onun mənzilinin küçəyə tərəf olan balkonunda qanunsuz olaraq ümumilikdə 3 ədəd ötürücü yerləşdirib və bu zaman həmin binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində obyekt sahibi olan Vüqar Eyvazovla müqavilə bağlayıb: "Mobil ötürücülər güclü elektromaqnit dalğalarına malik olmaqla sağlamlıq üçün təhlükəlidir".

S.Mirzəyeva ötürücülərin quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən razılıq alnmadığını bildirərək Yasamal rayon məhkəməsinə müraciət edib: "İddiam 8 ay məhkəmədə süründükdən sonra hakim Zəfər Quliyev onu təmin etmədi. Həmin hakimə qədər isə iş Xəqani Tağıyevin icraatında olub. Hakim iddiamın təmin olunmamasında cavabdehin düzgün göstərilmədiyini əsas gətirdi. Yəni cavabdeh kimi "Azərcell" və "Bakcell" cəlb edilməli idi. Bundan başqa iş məhkəmə icraatında ola-ola ekspertizanın cavabı 5 ay ləngidildi".

"Azərcell Telekom"un nümayəndəsi isə məhkəməyə bildirib ki, ötürücü iddiaçı üçün heç bir təsir yaratmır: "Bundan başqa onun təsiri yol verilən həddən xeyli aşağı olduğundan iddiaçının onun mənzilindən aşağıda yerləşən qeyri-yaşayış sahəsinin çıxıntısında quraşdırılan ötürücünün mövcudluğuna dözmək vəzifəsi vardır".

S.Mirzəyeva isə söylənilənlərin əksinə iddia edir ki, "Azərcell Telekom" MMC-nin nümayəndəsi ötürücülərin quraşdırılması üçün ETSN-dən də razılıq alındığını söyləsə də, nazirliyin Dövlət Dövlət Ekspertiza İdarəsi hələ bu ilin sentyabrında göstərilən ünvanda mobil baza stansiyalarının quraşdırılmasının nazirliklə razılaşdırılmadığını bildirib: "Hazırda həmin bina sakinləri mobil ötürücünün təsirindən əziyyət çəkir. Həmin ötürücülərin hər biri ayrılıqda 6 min mobil telefona elektromaqnit dalğası ötürür. Hətta binadakı gəmiricilər də bu təsirdən kütləvi şəkildə qırılırlar".

Şikayətçinin sözlərinə görə, noyabrın 13-də elan olunan məhkəmə qətnaməsinin surəti hələ də ona təqdim edilməyib. Buna görə də Apelyasiya şikayəti verməsi gecikir: "İddiamın təmin edilməməsində cavabdehin düzgün gəstərilmədiyi əsas gətirilirdi. Yəni mağasa sahibi olan Vüqar Eyvazov yox, "Azərcell" və "Bakcell" cavabdeh qismində işə cəlb edilməli idi. Əgər mən bunu etməmişəmsə, məhkəmə onları cavabdeh qismində işə cəlb edə bilərdi. Hazırda Apelyasiya şikayəti vermək üçün məhkəmə qərarının surətini gözləyirik".

Kənan
AzNews.az
image description