“Azərbaycan iqtidarı problemi dinc yolla həll etmək əvəzinə...“

Lalə Şövkət: “Öz xalqı ilə mübarizəyə çıxan hakimiyyət həmişə məğlub olub”




Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bəyanat verib. Bəyanatda deyilir: "Yanvarın 23-də məmurların və onların qohumlarının özbaşınalığından, fironluğundan bezmiş bir qrup İsmayıllı sakini hakimiyyətin bu siyasətə son qoyması tələbi ilə etiraz aksiyası keçirib. Azərbaycan iqtidarı problemi dinc yolla həll etmək əvəzinə şəhərə silahlı qüvvələr yeridib, heç bir zərurət olmadan zorakılığa yol verib, aksiyanı amansızlıqla yatırmağa cəhd edib.

2012-ci ildə Quba hadisələrini, bir neçə gün əvvəl "Binə" ticarət mərkəzində öz qanuni haqlarını tələb edən sahibkarların etiraz aksiyasını zorla yatıran iqtidar bilməlidir ki, bu hadisələrin əsl səbəbi iqtidarın talançı siyasətindədir. Quba, "Binə" və İsmayıllı hadisələri təsadüfi etiraz aksiyaları deyil, insanları işsizliyə, yoxsulluğa, dilənçiliyə məhkum etmiş siyasətə qarşı hər an baş verə biləcək böyük üsyanın ilkin qığılcımlarıdır.

Ölkədə iqtidarın bütün başqa cür düşünənlərə düşmən kimi baxmasına son qoymadan, köklü siyasi və sosial-iqtisadi islahatlar aparmadan, azad və ədalətli seçkilər keçirmədən ölkəni bu dərin mənəvi, mədəni, siyasi, sosial-iqtisadi uçurumdan çıxarmaq mümkün deyil. Azərbaycan hakimiyyətini Qubada, "Binə" ticarət mərkəzində, İsmayıllıda həbs olunmuş bütün etirazçıları, qalan siyasi dustaqları dərhal azad etməyə, təqsirkar məmurları cəzalandırmağa, ölkədə siyasi repressiyalara son qoyulmasına, təxirəsalınmaz sistemli və köklü islahatlara çağırıram. Öz xalqı ilə mübarizəyə çıxan hakimiyyət tarixən həmişə məğlub olub".

AzNews.az