Rus ailələrin “Qəbələ köçü”ndəki gizlinlər - ARAŞDIRMA

AzNews.az Qəbələ RLS-də baş verən qaranlıqlara işıq tutur






- RLS-in azərbaycanlı işçilərinin maaşı 4 aydır hansı səbəbdən verilmir?

- Azərbaycanlıların maaşını doğurdanmı Rusiyanın müdafiə naziri "yeyib"?

- Rus zabitlərinin xanımları Putindən nəyi xahiş ediblər?

Bu və digər sualların cavabı AzNews.az-ın araşdırmasında…


Qəbələ RLS-in icarə müqaviləsinin ötən il dekabrında başa çatması ilə əlaqədar ərazidəki rus hərbi qulluqçuları və ailələrinin qruplarla köçürülməsinə başlanılıb. AzNews.az-a Qəbələ RLS-dəki mənbənin verdiyi məlumata görə, stansiyadan hərbi avadanlıqların çıxarılması ilə bağlı komissiyaların bu il ərzində fəaliyyət göstərəcəyi barədə razılıq əldə edilməsinə baxmayaraq, ailələr artıq RLS-i tərk edir.

Mənbə bildirib ki, Azərbaycan tərəfinin icarə haqqının 300 milyon dollara qədər yüksəltmək təklifindən sonra Rusiyanın Qəbələ RLS-dən çıxması barədə qərar gözlənilməz olub: "Belə güman edilirdi ki, tərəflər ortaq məxrəcə gələcəklər. Buna görə də ötən il RLS-ə milyonlarla vəsait xərclənərək istilik sistemi də daxil olmaqla bir sıra yenidənqurma işləri aparıldı. Ancaq Qəbələni tərk etmək barədə qərar gözlənilməz olduğundan hərbi qulluqçular və mülki şəxslər gərginlik içindədir. Artıq qruplarla rusların Qəbələni tərk etməsi prosesi başlayıb".

Mənbə onu da vurğulayıb ki, köçmə prosesinə Rusiya müdafiə nazirinin müavinləri nəzarət edir: "Qəbələ RLS -də 550-dan artıq rus, 250-dən artıq isə azərbaycanlı ailəsi var idi. Azərbaycanlılar hamısı işdən uzaqlaşdırılıb. 4 aya yaxındır ki, onların əmək haqları ödənilmir. Bunun səbəbi kimi bəhanə olaraq Rusiyada korrupsiya faktında ittiham edilərək müdafiə nazirinin vəzifədən kənarlaşdırılması göstərilir. Guya, keçmiş nazirin mənimsədiyi vəsait arasında Qəbələ RLS - də çalışanlara ödəniləcək məbləğ də olub. İndi isə açıq-aşkar deyirlər ki, əmək haqqının ödənilməməsi azərbaycanlı ailələrdən acıq çıxmaq məqsədi daşıyır. Qəbələni tərk edən ruslar azərbaycanlıları hədələməkdən də çəkinmirlər. Məlumata görə, Rusiya prezidenti Putin Azərbaycana məhz bu məsələ ilə bağlı sərt mövqe nümayiş etdirəcək".

Mənbə azərbaycanlı ailələrin ödənilməyən əmək haqqını almaq üçün dəfələrlə şikayətçi olduğunu, ancaq bunun təsirsiz qaldığını da vurğulayıb: "Günlərlə əmək haqqını almaq üçün gedib-gəlirlər. Hətta ANS də bu məsələ ilə bağlı çəkiliş aparıb, ancaq hansısa səbəbdən süjet efirə verilməyib. Rus ailələrinin Qəbələdən çıxarılmasının növbəti mərhələsi yanvarın 28-dən başlayaraq fevralın 14-dək davam edəcək. Putinin tapşırığı ilə ailələri aparmaq üçün xüsusi təyyarələr ayrılıb. Azərbaycan tərəfdən də xarici işlər nazirinin müavini Xələf Xələfov əraziyə baş çəkərək proseslərin gedişi ilə maraqlanır".

Qeyd edək ki, hələ yay aylarında Qəbələ RLS - dəki rus zabitlərinin həyat yoldaşları Putinə məktub ünvanlamışdı. Məktubda hüquqlarının müdafiəsini tələb edən xanımlar ixtisarların aparıldığı və bu səbəbdən də zabitlərə öz ərizələri ilə işdən azad edilmək barədə tapşırıq verildiyi bildirilib. Ancaq zabitlərin ailələrinə Azərbaycandan çıxmaq üçün vəsait və Rusiyada yaşamaq üçün mənzil ayrılmadığından bu qərar etirazla qarşılanıb. Bəzi ailələrə avqustun 1-dək Qəbələni tərk etmək göstərişi verildiyi vurğulanan məktubda bunun səbəbləri də açıqlanırdı. Məlumatlarda bildirilirdi ki, Rusiya Azərbaycan tərəfinin tələb etdiyi yüksək icarə haqqının 2013-cü ildə ödəməmək üçün bəzi obyektlərin və çalışanların sayını azaltmağı planlaşdırıb. Bu məqsədlə çalışanların uşaqları üçün məktəb, uşaq bağçasının fəaliyyət göstərməyəcəyi, həmçinin bəzi tikililərdən istifadə olunmayacağı təxmin edilirdi.

Azərbaycanla icarə müqaviləsinin artırılmasına ümid edərək ixtisarlara başlayan Rusiyanın dekabrda gözlənilmədən Qəbələ RLS-i tərk etmək barədə qərarının arxasında siyasi məqamların dayandığı da istisna edilmir. Rusiyanın hərbi dairələri isə Qəbələ RLS-də çalışanların kifayət qədər yüksək əmək haqqı aldığını bildirərək onların Rusiyada özlərinə həyat şəraiti qurmalarını mümkün hesab edib. Belə ki, Qəbələ RLS-də hərbçilərin orta aylıq əmək haqqı 4 - 2,5 min avro civarında olub. Mülki mütəxəssislərin əmək haqqının də təqribən bu qədər olduğunu bildirən yetkililər bu vəsaitin kifayət qədər yüksək məbləğ olduğuna diqqət çəkiblər. Ötən ilin iyununda başlayan "ixtisar" əməliyyatından sonra indi də rus zabitləri və onların ailələri qəfil köçürülmə ilə qarşılaşıblar.

Qəbələ sakinlərini bildirdiyinə görə, köçmək məcburiyyətində qalan ailələr ev əşyalarını da satışa çıxarır və bəzi hallarda dəyər-dəyməzinə satırlar. Çünki ev əşyalarını aparılması üçün xüsusi nəqliyyat hələlik ayrılmayıb.

Bildirək ki, hazırda Rusiyanın xarici ölkələrdə 25 hərbi bazası var. Amerikanın isə belə bazalarını sayının 800-ə yaxın olduğu bildirilir.

Elnarə Əlosmanqızı
AzNews.az