Ekspert Təhsil Nazirliyinə qarşı

“Dərsliklərin hansı prinsiplərlə hazırlanması məlum deyil”





Azərbaycanda mövcud olan dərsliklərin bəzilərində təhsil proqramından kənara çıxmalar var. APA-nın xəbərinə görə, bunu təhsil eksperti Əlövsət Osmanlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında V sinif üçün riyaziyyat dərsliyinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dərsliklərin hansı prinsiplərlə hazırlanması məlum deyil. Ə.Osmanlının sözlərinə görə, dərslik hazırlananda o tədris proqramına, kurrikuluma uyğun gəlməlidir.

Digər çıxış edən ekspertlər qeyd ediblər ki, dərslikdə verilən statistik rəqəmlər onların yaş xüsusiyyətlərinə uyğun gəlmir: "Sanki Statistika Komitəsinin hesabatıdır".

Bu məsələyə münasibət bildirən Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı səslənən fikirlərlə razılaşmayıb. O qeyd edib ki, indiki dərsliklərin şagirdlərin səviyyəsinə uyğundur: "Burada fikir səsləndi ki, V sinif şagirdləri coğrafiya dərsi keçmədiyi halda riyaziyyat dərsliyində çay adlarının çəkilməsi ilə bağlı çalışmanın salınması düzgün deyil. Amma qeyd edim ki, V sinfə kimi şagirdlərə "Həyat bilgisi" dərsi keçir və orada şagirdlər müəyyən məlumatlarla tanış olurlar. Ucqar kənd məktəblərində təhsil alan şagirdlərin isə bunu başa düşəcək vəziyyətdə olması, oradakı mövcud vəziyyətin necə olması başqa məsələdir".

AzNews.az