Zərər çəkənlərə kompensasiya verilir

Zəlzələdən zərər çəkənlərə kompensasiya verilir Zaqatalada zəlzələdən zərər çəkən sakinlərə evlərinin təmiri məqsədi ilə kompensasiyaların verilməsinə başlanıb.




Bu barədə APA-ya Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov məlumat verib. Onun sözlərinə görə, kompensasiyalar Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən bərpa rəyi verilmiş 2900-ə yaxın ailəyə veriləcək.

E. Ramazanov qeyd edib ki, sakinlərə verilən kompensasiyaların məbləği onların evlərinin sahəsinə görə müəyyənləşib. Belə ki, sahəsi 100 kv/m-ə qədər olan mənzillərə 4000 manat, 150 kv/m-ə 5000 manat, 200 kv/m-ə 6000 manat, 200 kv/m-dən yuxarı olan mənzillərə isə 7000 manat vəsait veriləcək.

E. Ramazanov həmçinin bildirib ki, kompensasiyalar artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən "Azərpoçt"un bütün şöbələrinə köçürülüb və yerli icra strukturlarının nəzarəti ilə əhaliyə paylanır. Prosesin 10 günə başa çatdırılması nəzərdə tutulub.