Metrostansiyalarda əlavə turniketlər quraşdırıldı - Buna səbəb nədi?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişin sıxlığının yaranmaması üçün bəzi stansiyalarda əlavə turniketlər quraşdırıb.

Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda 3 metro stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılıb:

"Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır. Xüsusən də, böyük tədbirlər keçiriləndə həmin stansiyalarda sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün turniketlərin sayı artırılıb. Məsələn, Olimpiya Stadionunda tədbirlər keçiriləndə "Koroğlu" stansiyasında, Tofiq Bəhramov adına Respublika Stadionunda futbol yarışları keçiriləndə "Gənclik" stansiyasında, Dənizkənarı Milli Parkda bayram tədbirləri və sair toplantılar keçiriləndə isə "Sahil" stansiyasında sərnişinlərin sayı artır. Buna görə də, həmin stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb".

N.Paşayev bildirib ki, əgər gələcəkdə digər stansiyalarda da sərnişinlərin sayı artarsa, həmin stansiyalarda da turniketlərin sayı artırıla bilər.

AzNews.az