Mübariz Əhmədoğlu: “İran Xəzərdə özündən hansısa ada uydurub, guya Azərbaycan bu adaya sahib çıxmaq istəyir" Mübariz Əhmədoğlu: “İran Xəzərdə özündən hansısa ada uydurub, guya Azərbaycan bu adaya sahib çıxmaq istəyir"

“Tehran Azərbaycana qarşı yeni “təhlükələr icad edir”

Mübariz Əhmədoğlu: “İran Xəzərdə özündən hansısa ada uydurub, guya Azərbaycan bu adaya sahib çıxmaq istəyir"

"İranla Ermənistanın əlaqələri həm kəmiyyət, həm də keyfiyyət baxımından zənginləşir. Əməkdaşlığın sahələri genişlənir, əməkdaşlıqda iştirak edən subyektlərin sayı artır". APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində İranla Ermənistan arasındakı əldə olunmuş razılaşma Ermənistan cəmiyyətində birmənalı qarşılanmır: "Eləcə də bu razılaşmanın mövcudluğu barədə də ziddiyyətli fikirlər var. İran mətbuatı İranın Şərqi Azərbaycan ostanının başçısı Əli Rza Beyqinin Ermənistana səfəri zamanı digər razılaşmalarla yanaşı, həm də İranla həmsərhəd Sünik vilayətindəki otlaqların İrana icarəyə verilməsi barədə razılaşmanın əldə olunması haqqında məlumat yayıb və bunu bir neçə dəfə təkrarlayıb. Ermənistan baş nazirinin müavini, ərazi idarəetmə məsələləri üzrə nazir Kevorkyan Sünikdəki otlaqların İrana verilməsi ilə bağlı yayılan fikirləri təkzib etməklə yanaşı, belə ərazilərin ermənilərin işğalı altındakı Azərbaycan əraziləri olduğuna eyham vurdu. Az keçmiş Ermənistanın Sünik vilayətinin qubernatoru Xaçatryan İrana səfər etdi və İran mətbuatının yazdığına görə, 4 sənəd imzalandı. Xaçatryan Ermənistana qayıtdıqdan sonra İranda heç bir müqavilə imzalamadığını bildirdi. İran və Ermənistan rəsmilərinin belə fərqli mövqelərinin səbəbi başadüşüləndir. Ermənilər azərbaycanlılardan ehtiyatlanırlar. Ermənilər üçün azərbaycanlının Azərbaycan respublikasında və ya İranda yaşamasının əhəmiyyəti yoxdur. Azərbaycanlıya nifrət ümumidir. Ermənilər belə hesab edirlər ki, İranla həmsərhəd ərazilərin İran azərbaycanlılarına icarəyə verilməsi bu torpaqların azərbaycanlıların nəzarəti altına keçməsinə gətirib çıxaracaq. Bu parametrə görə son vaxtlar erməni siyasətçiləri İranla münasibətlər və ya İran-Ermənistan qardaşlığı deyəndə vurğunu daha çox farslarla ermənilərin qardaşlığı üzərinə qoyurlar".

M.Əhmədoğlu bildirib ki, Ermənistanın İranın təklifini qəbul etməməsi İranı Azərbaycana qarşı yeni "təhlükələr icad etməyə" həvəsləndirir: "Son vaxtlar İranın Azərbaycana münasibətində yeni elementlər üzə çıxır. İran Xəzər dənizində özündən hansısa bir ada uydurub, guya Azərbaycan bu adaya sahib çıxmaq istəyir. İran Xəzərdə milyon dənə belə "neft yatağı" kəşf edib, ona "sahib" çıxa bilər. Halal xoşu olsun! İranda onsuz da həqiqətin və reallığın qədrini bilmirlər, yalan və virtuallıq dəyərdədir. Yaxud guya Azərbaycan sərhədçisi İran sərhədçilərinə güllə tuşlayır. Ermənilərə nökərçilik etmək olar, amma daha bu dərəcədə yox. Əgər İran əvvəlcə nəzərdə tutduğu kimi, Azərbaycanla bütün Araz çayı boyunca Azad Ticarət Zonası yaratsaydı və bu zonanın tam fəaliyyəti üçün hər cür şərait təşkil etsəydi, ermənilər də bu azad ticarət zonasına qoşulmaq üçün İrana xahişə gələcəkdilər. İran bunu etmir. İran Azərbaycanla Azad Ticarət Zonası yaratmaq planını dayandırır, onu ermənilərlə reallaşdırmaq istəyir. İndi ermənilər imtina edirlər, ABŞ-dan və digər yerlərdən qorxular var. Əvəzində İran Azərbaycanı cəzalandırmaq istəyir. İran müsəlmançılığının, şiəçiliyinin mahiyyəti budur".

AzNews.az