“Zaqatalada əhali ilə açıq görüş keçirdik“

“Bu gün Zaqatala rayon Mədəniyyət Evində əhali ilə açıq görüş keçirdik.



Görüşdə həm Zaqatala şəhərindən, həm də ətraf kəndlərdən zəlzələdən zərər çəkmiş sakinlər, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı və yerli idarə və müəssisələrin rəhbərləri iştirak edirdilər. Görüşə təxminən 600-dək adam qatılmışdı".

Bunu açıqlamasında Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev deyib.

O. Hacıyev bildirib ki, görüşdə sakinlərin zəlzələ nəticəsində yaranmış problemləri dinlənilib və siyahılar tutulub: "Əsas problem ondan ibarətdir ki, komissiyaların əvvəl apardığı araşdırmadan sonra çoxsaylı kiçik təkanların baş verməsi nəticəsində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulan evlərdə daha böyük zədələr yaranıb və artıq həmin evlərin bir çoxunun yenidən tikilməsinə ehtiyac var. Sakinlər məhz bunu diqqətə çatdırmaq istəyirdilər. Biz hamını dinlədik və qərara aldıq ki, komissiyalar hazırlanmış siyahılar əsasında evlərə yenidən baxış keçirib rəy hazırlasın".

Nazir müavini onu da qeyd edib ki, dünən görüş keçirdikləri Danaçı, Muxax, Əliabad, Gözbarax və Mamrıx kəndlərində komissiyalar artıq araşdırmalara start verib: "Bu gün səhərdən komissiya evlərə və digər tikililərə baxış keçirməyə başlayıb. Hazırlanacaq rəy əsasında lazımi tədbirlər görüləcək".

O. Hacıyev bildirib ki, bu gün həmçinin Aşağı və Yuxarı Tala, Qımır, Bazar, Çobankol, və Bəhmədli kəndlərində vəziyyətlə yerində tanış olub, sakinlərlə görüşüblər.