Yuxulu başa atılan daş



Əziz Rzazadə

Əkrəm Əylisli, bir növ, lakmus kağızı idi. "Azərbaycan cəmiyyəti" adlı turşuya salıb çıxardılar. Təcrübə gözlənilən nəticəni təsdiqlədi: toplum hələ də fərdin təşəbbüsünə qarşı davakar, fərqli fikrə qarşı dözümsüzdür.

Ola bilsin ki, bu fikir kiməsə yetərincə qərəzli, mübahisəli görünə bilər. Amma məncə, Azərbaycan hələ də orta əsrlərin düşüncə tərzindən qurtulmayıb. Və ardınca dərhal bunu da deyim: Azərbaycana bu seçimi sırıyanlar var. O tayda da, bu tayda da – Əkrəm Əylislinin əleyhdarları arasında da, lehinə olanların da. Yəni bizim, yəni mənim, sənin, onun daş yuxulardan oyanmaması "ağ"a-"qara"ya bölünənlərin ümumi marağıdır. Buna görə də mən nə o düşərgədə, nə də bu biri səngərdə özümə yer görürəm.

Yadınıza salım, "Daş yuxular"ın müəllifi bir dəfə Yazıçılar Birliyindəki çıxışında Gertsenin sözlərini xatırlatmışdı. Demişdi ki, yazıçılar cəmiyyətin ağrılı yerləridir. Əkrəm Əylislinin timsalında təkcə onun yox, ayrı-ayrılıqda hər birimizin ağrılı yerlərinin diaqnozu müəyyən olundu. Bilindi ki, Azərbaycan cəmiyyətinin hansısa əlahiddə bir orqanı deyil, bütün bədəni ağrılı nöqtələrlə örtülüb. Onun müalicəsi indiki zamanda ölüyə süni nəfəs vermək kimidir. Çünki yarıcan Azərbaycanın ən böyük ağrısı beyninə qan sızmasıdır. Yalnız möcüzə hələ də ürəyi döyünən məmləkəti yenidən həyata qaytara bilər.

Bəs Xaliqdən gözlədiyimiz o möcüzə nədir?

Zaman. Ən böyük möcüzə odur. Azərbaycanın yeganə əlacı, həkimin reseptə yazmadığı, aptekdə satılmayan dərmanı, davası. Həm də böyük bir zaman. Çünki yaxın 20 il hələ başqa mənalı davanın, yəni qanlı-qadalı müharibənin yaralarına məlhəm olmayıb. Ocağı külə dönmüş, malı-mülkü yağmalanmış, doğması qətl olunmuş neçə-neçə adam hələ içindəki qəzəbi boğa bilməyib, intiqamını söndürməyib, əksinə qan yaddaşına elə gizli kodlarla yazıb ki, nə balıq bilir, nə də Xaliq onu çözməyə tələsir. Üstəlik, bu, ara-sıra coşan ehtirasların köpüyü üstündə bütöv bir nəsil yetişib. Ona görə də Əkrəm Əylislinin "gəlin son körpüləri də yandırmayaq" təklifini "dünya görmüş" qoca da, "dünya birliyi"nə etimad etməyən cavan da etirazla qarşılayır.

Demək, hələ tezdir, hələ gözləmək lazımdır! Möcüzəni! Amma nə vaxta qədər? Axı nə erməni bu bölgədən köçəndir, nə də biz şələ-küləmizi yığıb Xəzərin o biri tayına adlayanıq. Əvvəl-axır qarşılıqlı, təkrar edirəm, qarşılıqlı məqbul güzəştlərlə münaqişəni nizamlamalıyıq. Və keçmişi unutmalıyıq!

Bilmirəm Əkrəm Əylisini onun üçün rəmzi tabut aparanları gördümü? Mən foto və videodan gördüm. "Hüznlü musiqi"nin müşayiəti ilə "mərhum"u son mənzilə yola salan qrupun arasında nədənsə Azərbaycan folklorunun "sevilən siması" – "qara keşiş" gözümə dəymədi. Yox, onlar qəzəbli kütləyə qarışmamışdı, küfrü, qarğışı öz məbədlərindən yağdırırdı – Milli Məclisdən.

"Vətəndaşlıqdan çıxarılsın", "mükafatlardan məhrum edilsin"... Təhdidlər qulağıma çatanda əsla heyrətlənmədim. Əlbəttə, təklifi səsləndirənlər sıradan bir adamlar, yəni mən, sən, o deyildi. Millət vəkilləri, yəni qanun yaradıcıları idi və onlardan yaxşı bunu kim bilməliydi ki, qanunvericilik bu təşəbbüslərə yol vermir?.. Yox, min kərə yox, məni heyrətlənmədim. Çünki bu ölkədə ocağın külə dönməsi, malın-mülkün yağmalanması, qətlin açılmaz qalması gündəlik, alışılmış mənzərədir. Yəni tutalım, günlərin bir-günü gəlib deyə bilərlər ki, mənim, sənin, onun qanuni şəxsi mülkiyyətə dair malik olduğumuz neçə-neçə rəsmi sənəd əslində, üstündə cızma-qara yazılmış kağız parçası, möhür və imza isə dövlətin təminatı yox, olsa-olsa poçt surğucudur.

Deməli, xarici təcavüzkarla daxili qəsbçi arasında bərabərlik işarəsi qoyulmalıdır! Hələ bəlkə də böyük-kiçik işarəsi!

Əsl həqiqət tam olur, bütövdür, onun qarşısına "əsl" sözünü yazmaq da əslində artıqdır, söz israfçılığıdır. Yarımhəqiqət isə şəxsi, yaxud qrup, kasta maraqlarından doğan yalandır. "Daş yuxular" hələ ədəbi-ictimai ədalət tərəzisinə çox qoyulacaq, sağa-sola çox dartışdırılacaq. Amma qoyun bunu indidən deyim. Çünki mənə, sənə, ona bunu başqa heç kəs deməyəcək: Əkrəm Əylislinin əsərindən doğan qəzəbin səbəbi əsərin "Birinci" adlı ədəbi personajı, bu personajın arxasında duran prototip və təsvir olunan sistemin siyasi aktyorlarıdır.

Bəs, "Daş yuxular"ın müdafiəçiləri?

Sıralarına göz gəzdirdim. "Sözü yandırmamaq" çağırışı edənlərin ilk cərgəsində duranlar məni səmimiliklərində inandıra bilmədi. Qan yaddaşı ilə möhtəkirlik edən "qara keşiş"lərdən onların nə fərqi? Məgər "ifadə azadlığı" anlayışı, yəni təməl insan hüququ mənim, sənin, onun, yəni hamının təkcə ədəbi-bədii söz demək və onun ünvanına çatdığına əmin olmaqdır? Yox, ifadə azadlığı həm də vecsiz hökuməti tənbeh etməkdir, sərbəst şəkildə toplaşaraq xalqın malını talayan məmura etirazı çatdırmaqdır, hicabla məktəbə getməkdir, Lənkəranda müşavirə keçirib düşüncələrini tərəfdarlarınla paylaşmaqdır, İsmayıllıda səni söyəni həddini göstərməkdir, atəşkəs rejimində əsgər ölümünün niyə baş verdiyini sormaqdır... Uzun sözün qısası, ifadə azadlığı bütün cəmiyyətə məxsus deyilsə, bütün topluma şamil olunmursa, imtiyaz kimi yalnız bir qrup üçün çərçivələnirsə, o, yalnız gəlişi gözəl söz yığını, boşboğazlıqdır.

Mən bir iradla da ikiəlli razılaşıram. Əkrəm Əylislinin yazdığı hələ heç bir erməni yazıçısının qələmindən çıxmayıb. Bəlkə də bircə istisnayla. Hrant Matevosyanın. Onun kimliyini Əkrəm Əylislidən yaxşı heç kim bilmir. "Daş yuxuları" müdafiə edən "pionerlər" isə bu erməni yazıçısından ümumiyyətlə bixəbərdir. Gözünüz aydın, Hrant Matevosyanın "Mesrop" hekayəsini çoxdandı tərcümə edirəm. İş vaxtından oğurladığım dəqiqələrdə. Artıq yarıya çatmışam. Azərbaycanlıların erməni atanı oğlunun gözü qarşısında öldürdüyü yerə... Əsas məsələ bundan sonrakını tərcümə etməkdir. Hələ bilmirəm nə edim, yuxulu Azərbaycana daş atım, yəni "Mesrop"u tamamlayıb, ya Zamanın Azərbaycana dava olmasını gözləyim?..