Lapşi işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib. Lapşi işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib.

Lapşin etiraf etdi- Yenilənib

Lapşi işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi keçirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşin özünü təqsirli bilməyib. Sərbəst ifadə verməkdən imtina edən A.Lapşin sualları cavablandırıb. Lapşin iki dəfə işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyini bildirib.

Prosesdə dövlət ittihamçısının suallarını cavablandıran A.Lapşin bildirib ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisinə turist kimi səfər edib: "Bloger olmuşam. Səfərə çəkilən xərcləri özüm ödəmişəm. Həmin ərazilərin Azərbaycana aid olduğunu internetdən oxumuşam. Ondan sonra bildim ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub. BMT-nin qərarları barədə məlumatım olmayıb. İnternetdə Dağlıq Qarabağı ayrıca ölkə kimi yazmamışam, coğrafi ərazi kimi qeyd etmişəm. Suriya, Abxaziya, Osetiya, Qətər və digər ölkələrdə də olmuşam. Dağlıq Qarabağa gedəndə Azərbaycan tərəfə heç bir müraciət etməmişəm. İşğal olunmuş ərazilərdə otellərdə qalmışam. Otellərin adı yadımda deyil".

A.Lapşin bildirib ki, onu Dağlıq Qarabağda qarasaçlı şəxs müşayiət edib. O, orada olarkən Ermənistanın rəhbər şəxslərindən heç kimlə görüşmədiyini deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda olan zaman məqalələr yazıb və internet vasitəsi ilə onları yayımlayıb. Məqalədə Dağlıq Qarabağda yaşayanların acınacaqlı vəziyyətindən bəhs edib:

"Mənim hər iki xalqa hörmətim var. İnternetdə yerləşdirilən videosujetləri özüm də çəkmişəm, həmçinin başqalarının da çəkdiyi videolarda düşmüşəm".

Hakim A.Lapşinə irad tutub. Bildirib ki, o, dövlət ittihamçısının suallarına ironiya ilə yanaşır. Dövlət ittihamçısı bu ziddiyyətləri araşdırır.

Dövlət ittihamçısı A.Lapşindən facebook sosial şəbəkəsində dostluğundakı ermənilər barədə soruşub. O isə bildirib ki, ermənilər ona dostluq atıb və o da dostluğu qəbul edib.

Prosesdə şahid qismində dindirilən Dağlıq Qarabağdan olan məcburi köçkünlər Könül Hüseynova, Rasim Hacıyev, Mərhəmət Abdullazadə ifadə veriblər. Onlar A.Lapşinin adını internetdən oxuduqlarını bildirib və onun barəsində qanun çərçivəsində tədbir görülməsini istəyiblər.

Proses iyulun 3-də davam etdiriləcək.

İttihama əsasən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında isə bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

AzNews.az

***

15:58

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını oxuyub. İttiham aktlna münasibət bildirən A. Lapşin özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib və sualları cavablandırıb. Daha sonra iclasda şahidlər ifadə veriblər.

Məhkəmə prosesi iyulun 3-də davam etdiriləcək.

***

14:46

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda məhkəmə baxışına başlanıb.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.

AzNews.az