"Ermənilərin 2 yaşlı uşağı qətlə yetirməsi faktını sosial şəbəkələrin gündəmində saxlamaq lazımdır” - PA rəsmisi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Müasir İnformasiya Cəmiyyəti və İnnovasiyalar” ictimai birliyi “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunda tədbir keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə millət vəkili Hikmət Babaoğlu, Prezident Administrasiyasının məsul əməkdaşı Gülsel Səfərova və media nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Bəhruz Qaraməmmədov açaraq cəmiyyətdə sosial şəbəkənin mühim rol oynadığını qeyd edib.

“Məqsədimiz informasiya cəmiyyətinin qurulmasında dövlətimizin siyasətinə dəstək verməkdir. İnformasiya cəmiyyətində sosial şəbəklər böyük rol oynayır. Sosial şəbəkələr artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. İstəyirik ki, biz də sosial şəbəkələrdən faydalanaraq ölkəmizin həqiqətlərini dünyaya çatdıraq”.

Prezident Administrasiyasının əməkdaşı Gülsel Səfərova isə “Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin təbliği” mövzusunun Azərbaycan üçün əhəmiyyətli olduğunu hesab edir.

“Gündəlik baş verən hadisələr sosial şəbəkələrdə müzakirə olunur və onu qısa müddətdə dünyaya çıxarır. Sosial şəbəkə insanlarla əlaqədir. Etiraf edək ki, sosial şəbəkələr arasında "Facebook" bu gün virtual aləmi idarə edir. İyunun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndində baş verən hadisəyə hər birimiz kədərləndik və faciə qurbanlarını sosial şəbəkələrdə öz fikirlərimizlə yad etdik. Nəticədə sosial şəbəkələrdə kifayyət qədər aktivliyin olduğunu müşahidə etdik. Buna baxmayaraq, hələ də istədiyimizə nail ola bilməmişik. Azərbaycan vətəndaşı düşünməli deyil ki, mən balaca Zəhranı iki gün yad etdim və bununla işim bitdi, xeyir. Odur ki, 2 yaşlı uşağın qətli ilə bağlı təbliğat dayanmamalıdır, davam etdirilməlidir. Bu məsələdə gənclər, xüsusi ilə də gənc təkilatlar fəal olmalıdır. 2 yaşlı Zəhranın ölümünün geniş ictimaiyyətə çatdırılması üçün ötən həftə bir kampaniyaya başlanıldı. Amma 8 min imza toplanıb. Bu yetərlidimi? Xeyir. Bu imzaların sayı 100 mini ötməlidir".

Millət vəkili Hikmət Babaoğlu da sosial şəbəkələrdə gənclərin rolunun böyük olduğunu bildirib. Onun sözlərinə görə, dövrümüz informasiya cəmiyyəti ilə xarakterizə olunur və onun da özünəməxsus atrubutları var.

"Ən son hadisələrə diqqət salaq. İyulun 4-də erməni faşistləri bizim balaca Zəhranı güllələdilər. Bu, faşizmin ən qəddar nümənisidir. Sosial şəbəkələrdə və mediyada bu məsələyə münasibət necə oldu? İlk dəfə idi ki, bu prosesdə Azərbaycanın intelektual resursları milli mediyanı və sosial şəbəkəni üstələdi. Bu, çox vacib məsələdir. Nələr baş verdi? İlk növbədə Azərbaycanın dostu olan ölkələrin səfirlikləri və rəsmiləri hadisəyə münasibət bildirdilər. Nəticədə ATƏT-in Minsk qrupunun həmsədləri verdiyi bəyanatı düzəltdilər. Amma buna paralel olaraq gizli mediya vasitəsi ilə şimal qonşumuzun informasiya məkanında belə bir məlumat yer aldı ki, Azərbaycan qonşu ölkənin erməni əsilli vətəndaşlarını ölkəyə buraxmır. Niyə? Məsələ həmin ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapdı. Bu, 4 iyulda baş verən Zəhra məsələsini unutdurmaq və Azərbaycanın timsalında antihumanist bir dövlət obrazı yaratamaq idi".

Bahar RÜSTƏMLİ

AzNews.az