Prokuror sabiq deputata 14 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror D.Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Ş.Musayevin 5 il, R.Əsgərovun 4 il, S.Seyfullayevin 7 il 6 ay, F.Əmiraslanovun 7 il, M.Zeynalovun 7 il, R.Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

D.Xəlilovun vəkili Elvin Səlimov və digər vəkillər çıxış üçün vaxt istəyib. Növbəti proses iyulun 13-ə təyin edilib.

İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxs D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Azərbaycan Beynəlxalq Bankının bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

AzNews.az